Aprelin 27-də PFL-in saytında yerləşdirilən xəbər koma vəziyyətində olan Azərbaycanın futbol camiəsini çox sevindirdi. Ölkə çempionatının və kubokunun təşkilinə cavabdehlik daşıyan qurumun rəsmi portalında komandalara mayın 4-dən məşqə başlamaq icazəsi veriləcəyi qeyd olunmaqla yanaşı, mayın 21-də birinci dəstədə, 23-də isə elitada çempionatın bərpa olunacağı bildirilmişdi.
Təxminən iki aya yaxın futbolsuz qalan idman mediasının nümyəndələri bu xəbərdən nə qədər sevincək oldularsa, bir andaca hamı əlini telefona atıb, klub prezidentinlərinə, baş məşqçilərə, futbolçulara “çempionat bərpa olunacağı halda üç həftə sizə yetəcəkmi”, fiziki hazırlıq üzrə mütəxəssislərə “komandanı qısa vaxtda çempionata hazır edə biləcəksizmi” kimi suallar yağdırdılar. Suallar o qədər çox idi ki, az qala yaz leysanını xatırladırdı. Bu iki-üç gündə milyonların sevimli oyunu üçün darıxan azarkeşlərə daha dolğun və operativ xəbərlər çatdırmaq üçün (özüm də həmin sıradayam) az qala stadonunun mühafizəçisinə tribuna verildi, inzibatçıya diktofon uzadıldı, topdaşıyan uşaqdan çempionatın bərpasına münasibət öyrənildi. Hələ mən sosial şəbəkələrdə paylaşılan statusları demirəm. Həkim uzun müddət komada olan xəstənin əzizlərinə “3 gündən sonra həyat yoldaşınız (qardaşınız, oğlunuz, dayınız, əminiz) gözlərini açacaq” deyib sevindirdiyi kimi, aprelin sonuna 3 gün qalmış PFL də idman mediasını, futbolsevərləri xoşbəxt etdi.
Həmin ərəfədə hamının başı premyer-liqa və birinci divizion təmsilçilərinə qarışdığı vaxt düşündüm ki, peşəkar status adı daşıyan klublar mayın 21-də və 23-də meydana çıxacaqlarsa, PFL artıq bununla bağlı rəsmi saytında xəbər yerləşdiribsə, deməli, daha çox bölgə təmsilçisinin çıxış etdiyi, maraqlı və gərgin oyunların baş tutduğu Region Liqasında da yarışlar bərpa olunacaq. Liqada qalan matçların hansı tarixdə keçiriləcəyini, yarışın formatında dəyişikliyin olub-olmayacağını öyrənmək üçün tənbəllik etməyib Region Liqasının işçi qrupunun üzvü, həvəskarlar arasında keçirilən turnirin təşkilinə cavabdehlik daşıyan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladım. Yusif bəy karantin rejimi aradan qaldırılacağı halda Region Liqasında çempionatın bərpa olunacağını, bununla bağlı bir neçə variantın olduğunu bildirdi. Ümumi cavab məni qane etmədiyindən “Yusif bəy, PFL peşəkarlar arasında çempionat təşkil edir. Ramin Musayevin rəhbərlik etdiyi qurum artıq divizionda və premyer-liqada çempionatın bərpa olunacağı tarixini açıqlayıb. Siz isə nədənsə ehtiyatlı danışırsız. Yaxşı olardı ki, siz də tarix açıqlayaydız” söylədim. Vəliyev “indidən nəsə desəm, sonradan anlaşımazlıq olar. Ən yaxşısı bir qədər də səbrli olub Operativ Qərargahın qəbul edəcəyi qərarı gözləyək” dedi. Açığı, həmin vaxt ürəyimdə “həvəskar ki həvəskar” deyib, Vəliyevi qınadım. Ancaq 3 gündən sonra məlum oldu ki, həvəskarlar arasında çempionatın təşkilinə cavabdehlik daşıyan AFFA rəsmisi peşəkar klublar arasında çempionat təşkil edən qurumun rəsmisi ilə müqayisədə mövcud vəziyyətdə daha peşəkar addım ataraq özünü pis vəziyyətdə qoymadı. “İndidən nəsə desəm, sonradan anlaşılmazlıq olar” cümləsinə görə Vəliyev Musayevdən fərqli bugünlərdə qeyri-peşəkarlıqda ittiham olunmur.