Sizin reklam burada

PFL UEFA-ya cavab verməyə tələsmir

Baxış Sayı:316


Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi mayın 31-nə qədər uzadıldığından PFL-in mayın 23-də premyer-liqanı bərpa etmək planı alınmadı. Və bundan sonra çempionatın keçirilib-keçrilməyəcəyi sualı da açıq qalır. Hələ ki çempionatın, ölkə kubokunun təşkilinə cavabdehlik daşıyan qurum rəsmi şəkildə bununla bağlı ictimaiyyətə hansısa açıqlama verməyib.
Xatırlayırsızsa, ötən saylarımızın birində UEFA-nın qitə futbol qurumuna üzv olan 55 ölkənin milli federasiyasına, o cümlədən PFL-ə məktub göndərdiyini xəbər vermişdik. Məktubda federasiyalara mayın 25-dək növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarının təqdim olunması istənilib. Bu 2019/20 “futbol ili”ni yarımçıq başa vurmaq istəyən ölkələrə aiddi. Mövsümü davam etdirmək niyyəti olan federasiyalar isə həmin tarixə qədər oyunların təqvimini təqdim etməlidilər. Premyer-liqanın iyunun 1-dən tez başlamaq perspektivinin olmadığını nəzərə aldıqda PFL-in mənzil-qərargahı Nyonda yerləşən təşkilata göndərəcyi cavab məktubunda nə yazacağı çox maraqlıdı.
Bunu bilmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Aslan bəy isə tələsməməyi məsləhət gördü: “Mayın 25-nə hələ 21 gün var. İndidən bu suala konkret cavab vermək mümkün deyil”.
Son günlər pandemiyanın yayılması səbəbindən xarici mətbuatda FİFA-nın yerli federasiyalara daha bir tövsiyə ilə müraciət edəcəyi xəbəri yayılıb. Yayılan xəbərlərə inansaq, qitə futbol qurumu dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, çempionatları “yaz-payız” sistemi ilə keçirməyi məsləhət görəcək. “PFL bununla razılaşacaqmı” sualımıza isə Aslan bəy belə cavab verdi: “Bununla bağlı FİFA-nın saytında hansısa məlumat yoxdu və PFL-ə belə tövsiyə xarakterli məktub gəlməyib. Gündəmdə olmayan məsələyə münasibət bildirmək düzgün olmaz”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR