Səmayə Məmmədova: “Hazırda idmanın bərpası ilə bağlı danışmaq mənasızdı”
Koronavirus pandemiyasının tüğyan etməsi Avropa futbolunu susdurdu. Belarus istisna olmaqla, qitənin bütün başqa ölkələrinin çempionatları, eləcə də beynəlxalq turnirlər təxirə salındı. Azərbaycan premier-liqası və digər daxili turnirləri üçün də bənzər qərar martın ortalarında verildi. Bu müddət ərzində klublar fəaliyyətini müvəqqəti dayandırıb.
Zaman keçdikcə Avropanın bir çox ölkələri, o cümlədən ali futbol qurumları FİFA və UEFA çempionatların bərpa olunması üçün müvafiq qərar və təkliflərlə çıxış etdilər. UEFA çempionatların tamamlanmasında israr edir, buna müvafiq olaraq da yerli federasiya rəhbərliyi yarışın bərpası yolunda müzakirələr aparır. Həmin ölkələrdən biri də pandemiyanın ən çox təsir etdiyi İtaliyadı. Artıq hökumət tərəfindən mayın 4-dən fərdi məşqlərə icazə verilib. Qeyri-rəsmi məlumatlara görə, mayın 18-dən komanda məşqlərinə də başlamaq mümkün olacaq. Ölkənin idman nazirliyi və federasiya rəhbərliyi iyundan etibarən oyunların keçirilməsi üçün fəal müzakirələr aparır.
Çempionatın bərpa vaxtını açıqlayan digər ölkə Çexiyadı. Liqa rəhbərliyi mayın 25-dən mövsümün qalan oyunlarını keçirməyə başlayacağını bildirib. İsveç çempionatının da start tarixi məlumdu. İyunun 14-dən etibarən liqa oyunları keçiriləcək. İngiltərə premyer-liqası, İsveçrə və Qazaxıstan çempionatlarının da iyunun əvvəlində bərpası yönündə müzakirələrin aparıldığı mətbuata məlumdu. Almaniya və İspaniya klublarının da fərdi məşqlərə başlamağa hazır olduqları, hətta Almaniyanın bir neçə klubunun hazırlıqlara start verdiyi bildirilir. Pandemiya səbəbindən Azərbaycandan daha pis vəziyyətdə olan Türkiyədə də klublar bir neçə gündü məşqlərə start verib. İndiyədək “Beşiktaş”, “Fənərbaxça”, “Kasımpaşa”, “Göztəpə”, “Qaziantep” hazırlığa başlayıb.
Bu baxımdan Azərbaycanda hələ ki səssizlikdi. Karantin müddətinin mayın 31-dək uzadılmasından əvvəl PFL premyer-liqanın mayın 23-də başlayacağını elan etsə də, bu, mümkün olmayacaq. Digər tərəfdən, çempionatın mümkün bərpası, məşqlərə başlamaq vaxtı, oyunların keçirilmə formatı barədə də hansısa məlumat və ya təklif yoxdu. Belə demək olarsa, çempionatın taleyinin necə olacağı məlum deyil.
Bir çox ölkələrdə bununla bağlı İdman Nazirliyi ilə federasiya rəhbərliyi arasında müzakirələr aparılır, nazirlik çempionatın bərpası yönündə aktiv fəaliyyət göstərir. Bəs Azərbaycanda vəziyyət necədi? Gənclər və İdman Nazirliyi səviyyəsində çempionatın bərpası ilə bağlı hansısa təklif, müzakirə olubmu? Bu suallarla Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müraciət etdik. Nazirlik rəsmisi ölkədə idmanın bərpası üçün koronavirus pandemiyası ilə bağlı duruma nəzarət edən Operativ Qərargahın son qərarını gözlədiklərini bildirdi: “İdman qurğularının bağlanması və yarışların təxirə salınması ilə bağlı qərar Opretiv Qərargah tərəfindən verilmişdi. Operativ Qərargahın rəyi olmadan biz nədən danışa bilərik? Operativ Qərargah icazə verdi, gözəllik salonları, digər məkanlar açıldı. Qərar verilənə qədər bu məkanlar açıla, eyni zamanda idman yarışları keçirilə bilməz. Hazırda idmanın bərpası ilə bağlı danışmaq mənasızdı. Hər şey Operativ Qərargahın verəcəyi qərardan asılıdı. Qərar verilsə ki, artıq idman qurğuları fəaliyyətini bərpa etsin, ondan sonra idman yarışları ilə bağlı hansısa fikir ortaya atıla bilər”.
AYGÜL