Yaşar Seyidov: “Elə etmək lazımdı ki, iş adamları bölgə komandalarına sponsorluq etsinlər”
Artıq neçə müddətdi ki, futbol ictimaiyyəti arasında növbəti mövsümdən premyer-liqada 10 komandanın çıxış edəcəyi ilə bağlı söz-söhbət dolaşır. Hətta kuluarlarda konkret adlar da çəkilir və söylənilənlərə inansaq, “Kəpəz” və “Turan Tovuz” yenidən elitaya dönəcək. PFL prezidenti Ramin Musayev də son açıqlamalarında ictimaiyyətə 2020/21 “futbol ili”ndə yüksək dəstədə komanda sayının artacağı ilə bağlı “siqnallar” ötürüb.
Premyer-liqada komandaların sayının çox olması hamının arzusudu. Dəfələrlə bu mövzuya toxunub, müsbət tərəflərini xatırlatmışıq. Odu ki, yenidən bu haqda yazıb gözlərinizi yormaq istəmirik. Bu dəfə məsələyə “şər deməsən, xeyir gəlməz” prizmasından yanaşmaq istəyirik.
Heç kimə sirr deyil ki, Azərbycan klublarının az qala 80 faizi birbaşa və ya dolayısı ilə SOCAR-dan maliyyələşir. Məhz “qara qızıl”dan əldə olunan gəlirin müəyyən hissəsi ölkədə futbolun inkişafına sərf olunur, həmin pul klubların büdcəsinin əsasını təşkil edir. 2020-ci ildə isə dünya bazarlarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Dünyanın aparıcı iqtisadçılarının ehtimllarına görə, bu gün dünyada neftə olan tələbat təklifdən qat-qat aşağı olduğu üçün ilin sonuna kimi vəziyyət dəyişməyəcək, ən yaxşı halda neftin bir bareli maksimum 32-35 dollara kimi yüksələ bilər. İndi ortaya haqlı sual çıxır: neftin qiymətinin düşməsi fonunda AFFA premyer-liqada komanda sayını artıracaq, ya yox? Futbolla yaxından maraqlananlar yaxşı bilirlər ki, elitaya yüsələcəyi gözlənilən “Kəpəz”lə “Turan Tovuz”un fəaliyyətini davam etdirməsi neft pullarının hesabınadı. O da sirr deyil ki, birinci divizionda bir klubun yaşması üçün təxminən illik 250-300 min manat lazımdısa, premyer-liqanın tələbləri çox yüksəkdi. Hazırda elitta klubları arasında ən aşağı büdcə “Sumqayıt”dadı ki, o da bir milyon manatdan çoxdu. Deməli, Gəncə və Tovuz klubları güclülər arasına dönəcəyi halda AFFA (SOCAR da oxuya bilərsiz) əlavə olaraq bu iki kluba minimum 1,5 milyon manat ayırmalıdı. Hazırkı iqtisadi durumda isə bu heç də inandırıcı görünmür.
Bəs görəsən, mütəxəssislər bu barədə nə düşünürlər? “Bakı”nın sabiq vitse-prezidenti, ölkənin tanınmış futbol funksionerlərindən sayılan Yaşar Seyidovun fikirlərini öyrəndik: “AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında bu məsələ müzakirə olunub. PFL rəhbərliyi səviyyəsində növbəti mövsümdən premyer-liqada 10 komandanın çıxış edəcəyi ilə bağlı fikirlər səslənib. Bildiyiniz kimi, elitada çıxış etmək üçün klublar lisenziyalaşdırmanın şərtlərinə əməl etməlidilər. Lisenziyalaşdırma da iki yerə bölünür. Bir var UEFA-nın klub yarışlarında iştirak etmək, bir də var daxili çempionatda mübarizə aparmaq üçün verilən lisenziya. Həmin qaydalara əsasən əsas 5 meyar klublar tərəfindən tam yerinə yetirilməlidi. Diviziondan premyer-liqaya yüksələcək komanda bu meyarların tələblərini yerinə yetirə biləcəksə, onun elitaya yüksəlməsində heç bir problem yoxdu. Meyarlar arasında da ən diqqətçəkəni maliyyə ilə bağlıdı. Divizion təmsilçisi maliyyə ilə bağlı problem yaşayarsa, premyer-liqaya yüksəlməsi mümkün deyil. Bəli, əksər klublarımız bu gün neftdən asılıdı. Bu gün dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı çox ciddi problemlər ortaya çıxıb. Bu gün ölkəmizdə hər sahədə islahatlar aparılır. Futbol da bu prosesdən kənarda qalmamalıdı. Fikrimcə, futbolumuzun inkişafı naminə yeni dövlət proqramına ehtiyac var. Bu gün SOCAR dövlətin ayırdığı vəsaitlə klublara yardım edir. Dövlətin yükünü azaltmaq üçün yeni proqramda iş adamlarına bu sahədə özlərini göstərmək üçün şərait yaradılmalıdı”.
Yaşar bəy iş adamlarına müəyyən güzəştlər olunacağı halda futbola maliyyə ayıracaqlarına inandığını bildirdi: “Məsələn, iş adamlarına güzəştli kreditlər vermək, bizneslərini inkişaf etdirmələri üçün müəyyən layihələri dəstəkləmək mümkündü. Vergi məsələlərində onlara dəstək olmaq lazımdı. Növbəti illər üçün dövlət proqramı qəbul olunsa və qeyd etdiyim güzəştlər həyata keçirilsə, klublar daha SOCAR-dan yox, ayrı-ayrı iş adamları tərəfindən maliyyələşərlər. Futbola yeni sponsorlar gələcəyi halda çempionatda rəqabət də artacaq, azarkeşləri yenidən tribunaya qaytara biləcəyik. Əks halda premyer-liqada klubların sayını artırmaq çətin olacaq. Çempionatda gərgin mübarizə olmayanda maraq da aşağı düşür, baxımlı oyunların da sayı azalır. Elitada bölgə təmsilçilərinin də sayı artmalıdı. Nəyə görə premyer-liqada Gəncə, Tovuz, Qusar, Lənkəran, İmişli təmsilçiləri olmamalıdı? Elə etmək lazımdı ki, iş adamları bölgə komandalarına sponsorluq etsinlər. Bunun üçün isə, yenə də təkrar edirəm ki, yeni sponsorlara ehtiyac var. İş adamlarını bu sahəyə cəlb etmək naminə yeni dövlət proqramında onların maraqlarını qoruyan güzəştlər olmalıdı”.
RƏŞAD