Vaqif Sadıqov gözləməyi məsləhət görür
Futbolumuzda cavabsız suallar çoxdu. Bunun da səbəbi karantindən irəli gələn qeyri-müəyyənlikdi. Çünki heç kim konkret danışa bilmir, yalnız ehtimallara söykənir. Dünən əlaqə saxladığımız AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov da istisna olmadı.
- Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq olunub. Siz bu dövrü necə keçirirsiz?
- Biz də hər kəs kimi qaydalara əməl edirik, evdəyik. Vaxtımız evdə keçir. Sağlamlığımızı qorumalıyıq. Amma yenə də canımız, həyatımız futboldadı. Futbol üçün çox darıxmışıq. İnanıram ki, tezliklə bu bəla başımızdan uzaqlaşar və öz işimizlə məşğul olmağa başlayarıq.
- Elə pandemiyaya görə dayandırılan çempionat mayın 23-də başlamalıydı, lakin karantin müddəti yenə uzadıldı.
- PFL açıqlamışdı ki, mayın 4-də karantin ləğv edilsə, çempionata başlamaq olar. Hazırda karantin davam edir və bundan sonra müzakirələr də davam edəcək. Müzakirələrdən sonra hansısa yeni qərar veriləcək. Ən azı mən belə düşünürəm.
- Karantin müddətinin uzadılmasından sonra çempionatın vaxtından tez yekunlaşdırılması ehtimalını necə dəyərləndirirsiz?
- UEFA israrlıdı ki, çempionatlar davam etsin. Belə olan halda, fikrimcə, biz də əlimizdən gələni etməliyik ki, çempionatı davam etdirək. Amma bu mümkün olmasa, o variantı da fikirləşməli, müzakirə etməliyik. Çempionatı davam etdirmək mümkün olmasa, klublar, PFL və AFFA rəhbərliyi ilə birlikdə müzakirələr aparmalıyıq. Futbolda fəaliyyət göstərən hər kəsə qərarların düzgün, ədalətli olması maraqlıdı. Yaranmış vəziyyətdə hər birinin fikrinə böyük ehtiyac var.
- Hər ehtimalı nəzərə alsaq, pandemiyanın ölkə futboluna təsirini necə qiymətləndirirsiz?
- Bu vəziyyət istər-istəməz hər bir ölkəyə təsir edir, o cümlədən bizə, futbolumuza. Pandemiyanın ölkə futboluna zərərləri haqda danışmağa indi çətinlik çəkirik. Amma mövcud vəziyyət bitdikdən sonra müzakirələr davam etdirilməlidi. Koronavirusun ölkə futboluna təsiri lazımi səviyyədə təhlil olunmalıdı və yalnız bundan sonra hansısa fikir söyləmək olar. Ancaq təbii ki, yaranmış vəziyyət təsirsiz ötüşmədi, eyni zamanda futbola da müəyyən qədər təsiri olacaq. Bu təsirin nə dərəcədə böyük, ciddi olacağını isə gələcəkdə, bu vəziyyət bitdikdən sonra görəcəyik.
- Pandemiyanın ölkə futboluna digər təsiri milli komanda ilə bağlı oldu. Bir müddət əvvəl AFFA əsas yığmanın boş qalan baş məşqçi postuna namizədlərlə danışıqları dayandırdığını açıqladı. Bu məqam millinin gələcək oyunlarına nə dərəcədə təsir edə bilər?
- AFFA rəhbərliyi də açıqladı ki, bütün namizədlərlə danışıqlar dayandırılıb. Bu da milliyə mənfi təsir göstərir. Milli komanda baş məşqçisiz qalıb, komandaya kimin rəhbərlik edəcəyi bilinmir. Mövcud vəziyyətin yığmaya ən böyük təsiri budu. Milli komandanın pandemiyaya görə planlı şəkildə fəaliyyət göstərə bilməməsinin də təsiri çox böyükdü. İstər-istəməz ölkədə yaranmış vəziyyətin futbolumuza böyük təsiri olacaq. O cümlədən klublardan milli komandalara qədər hamıya təsir edəcək. Ancaq bu vəziyyətdən nə vaxt çıxış yolu tapıb, fəaliyyətimizi bərpa edəcəyik - bunu demək çətindi.
- Yeni namizədlərin axtarışı, yaxud əvvəlki namizədlərlə danışıqların bərpa olunması ilə bağlı hansısa plan, fikir varmı?
- Biz dövlət tərəfindən qoyulan qanunlara bağlı insanlarıq, onlara tabe olmalıyıq. Bundan sonra veriləcək qərarları gözləyirik. Hazırda karantindən sonrakı vəziyyət haqda nəsə demək baxımından tezdi. Pandemiyanın futbolumuza böyük təsiri olacaq, bunu hər kəs görür, müşahidə edir. Bu gün klublar da qeyri-müəyyənlik yaşayırlar, çempionatın davam edib-etməyəcəyi bilinmir. Davam etsə, hansı səviyyədə olacağı, milli komandanın gələcək faəliyyəti bəlli deyil, yığmanın yeni baş məşqçisi bilinmir. Yəni hazırda suallar çoxdu. Arzu edək ki, tezliklə bu bəladan qurtulaq və futbolumuz, həyatımız öz axarına düşsün, biz də doğru qərarlar verərək. Nə qədər çətin olsa da, yolumuzu davam etdirək. Hazırkı məqamda ən vacibi hər kəsin bir olmasıdı. Bu, hər sahə üçün keçərlidi. Futbol ictimaiyyəti bir olub, bu vəziyyətdən çıxış yolu tapmalıdı.
AYGÜL