“Əliyevin göstərişinə əsasən idman naziri ona təzyiq edincə...”
Sabiq dünya çempionu Anatoli Karpov tanınmış rusiyalı jurnalist Vladimir Solovyovun qonağı olub. Daha doğrusu, tərəflər internet üzərindən söhbət ediblər. Karpovun həmin vaxt Bakıda yaşayan Harri Kasparovla şahmat tacı uğrunda qalmaqallı görüşlə bağlı suala cavabı yetərincə maraqlı alınıb: “1985-ci ildə baş tutan görüşdə 2 xal öndə idim. Amma bu üstünlüyümü əlimdən aldılar. Mənə qarşı çirkin kampaniya başladı ki, bunun da başında Aleksandr Yakovlev dayanırdı. Halbuki mən ona heç bir pislik etməmişdim. Kanadadan SSRİ-yə qayıdandan sonra Mixail Qorbaçov bütün daxili siyasəti ona tapşırdı. Yəni hər şeyə qadir fiqura çevrilmişdi. Heydər Əliyev də ciddi şəkildə qarışırdı. Əlbəttə, onun müdaxiləsi olmasaydı, mübarizə başa çatdırılacaqdı. Və mənə elə gəlir ki, həmin dueli qələbə ilə bitirəcəkdim. Tərslikdən həmin vaxt Çernenko kliniki ölüm keçirdi. Düşünürdülər ki, tezliklə dünyasını dəyişəcək, ölkə matəm içində olacaq və məcburi fasilə yaranacaq. Bütün bu məqamlardan istifadə olundu. FIDE-nin prezidenti Kampomanesə təzyiq etdilər ki, o da çox asılı biri idi. Çünki oğlu Leninqradda pulsuz oxuyurdu. Əliyevin göstərişinə əsasən idman naziri ona təzyiq edincə, Kampomanes təslim oldu. Əlbəttə, onun qəbul etdiyi qərar tam qanunsuz idi. Kampomanes heç vaxt nə baş verdiyini açıqlamadı. Amma hər şeyi bilirəm axı. Oyunu ləğv edərkən onlardan tələb etdim ki, mənə təşkilat komitəsinin rəhbəri Demiçevin imzası olan məktub versinlər ki, mübarizə qaldığı yerdən davam etdiriləcək. Moskvada yaşananlarla bağlı şahmat dünyası təəccüb içində idi, heç kim nə baş verdiyini başa düşmürdü. Amma çox güclü təzyiq vardı və Kampomanes ancaq məsuliyyətdən yayınmaqla məşğul idi. Hətta yekun qərarı verəndə belə, səsi Filippindən gəldi. Onu da dəqiq bilirəm ki, həmin gecə idman nazirinin müavini Qavrilin ona zəng edibmiş. Bu üzdən hər şey yarımçıq qaldı və mübarizəni yenidən başlamaq haqda qərar verildi. Halbuki mən həmin vaxt 5:3 hesabı ilə öndə idim. Kampomanes qalibin adını açıqlamasa da, mükafat fondunun bu cür bölüşdürüləcəyinə qərar verdi: qalib kimi Karpova, məğlub kimi Kasparova. Amma hər şey idman nazirinin əlində olduğundan buna da mane oldular və mükafat fondu yarıbayarı bölüşdürüldü. Yəni məni bir növ həm də soydular. Kasparov indiyə kimi etiraf etməsə də, dünya çempionu olmaq və titulu qorumaq üçün bütün inzibati resurların ona işlədiyini gözəl bilir. Lövhə üzərində səhvləri kənara qoyuram. Fikrimcə, mənim ən böyük xətam oyunu SSRİ-nin ərazisində keçirməyə razılıq verməyim idi. Çünki dünyanın istənilən başqa yerində öhdəliyin və qaydaların belə kobud şəkildə pozulacağı mümkünsüz idi. SSRİ-də oynamaqdan imtina edə bilərdim? Qorxulu heç nə yoxdu. Biz Londonda və Sevilyada da oynamışdıq. Hamı deyirdi ki, Karpovun taxtdan salınması yeni səlahiyyət sahiblərinin gücünün, hər şeyə qadir olmasının, ölkənin dəyişməsi prosesinin rəmzi sayılacaq. Çünki məni artıq keçmişə “yazmışdılar”.