2-ci yazı
Ertəsi, sentyabrın 16-da, yəni ilk oyun bitəndən təxminən 19 saat sonra litvalı referi yenidən komandaları meydana çıxarır...
ÇSKA – Neftçi 2:0 (2:0)
16 sentyabr 1967, şənbə, 17.00, Moskva, Lenin adına Mərkəzi stadion.
ÇSKA: Kudasov, İstomin, Şesternyov (k), Baqriç, Kapliçnı, Panov, Şulyatitski, Maslyayev, Fedotov, Polikarpov, Dudarenko (Şupakov).
Neftçi: Sergey Kramarenko, Vyaçeslav Lyoqki, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Syomin, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Mübariz Zeynalov (Ruslan Abdullayev, 59), Anatoli Banişevski, Eduard Markarov (k), Valeri Hacıyev.
Qollar: Fedotov, 30 (1:0). Dudarenko, 44 (2:0).
“Futbol” həftəliyi üçün 2-ci oyunla bağlı hesabatı da idman ustası Nikolay Qlebov hazırlayıb. Onun müəyyən hissəsini nəzərinizə çatdırıram: “Şənbə günü hər şey cümə gününü xatırladırdı, yalnız temp daha aşağı düşmüşdü. “Neftyanik”in forvardları çox az manevr edirdilər, izləyicilərinin inadkarlığını qıra bilmirdilər, yarımmüdafiə isə hərəkət bölgəsini meydanın mərkəzi ilə məhdudlaşdırırdı. “Neftyanik”in ənənəvi temperamenti və hücum ruhu çox nadir epizodlarda gözə dəyirdi. Belə epizodların birində Banişevski başla gözəl qol vurdu, ancaq hakimlər ofsayd qeydə aldı”.
Göründüyü kimi, Qlebov Banişevskinin sayılmayan qolunu şəxsi fikrini bildirmədən hakimlərin ayağına yazır. Bunu müəllifin vicdanına buraxaq. Çünki sonrakı sitatdan aydın görünür ki, o da meydanda yaşananlara laqeyd olmayıb: “...Sərt oyun yetərincə tez-tez aşkar çirkinlik mərhələsinə keçirdi. Bunda hər iki kollektiv, onların kapitanları da günahkardı. Çox məyusedicidi ki, təcrübəli hakim Andzyulis həm 1-ci, həm də 2-ci oyunu vaxtında lazımi axara yönəldə bilmədi, hətta cavab görüşündə, fikrimcə, lazımi əsas olmadan “Neftyanik”in müdafiəçisi Bruxtini meydandan qovmağa (42-ci dəqiqədə - H.) məcbur oldu. Azlıqda qalan bakılılar 2-ci yarıda cəsarətlə hücuma atıldı və bir neçə qol vəziyyəti yaratdı. Onların hücum ehtirasını görəndə qeyri-ixtiyari özümə sual verdim: niyə əvvəl qorxurdular, meydanın dərinliyindən hücuma atılmaqdan çəkinirdilər?”
Qolu saymadı, qovdu və ofsaydı “görmədi”
Qlebovun ürəyindən keçən suala növbəti yazıda qayıdacağıq. Amma indi “Neftçi-70: unudulmayan keçmiş” kitabına baxacağıq: “Vilnüslü Kestutis Andzyulis təkrar oyundan əvvəl hərtərəfli “başa salındı”. Bunun nəticəsi bizim üçün acı oldu. Əvvəlcə o, Banişevskinin təmiz qolunu saymadı. Ardınca MOİK-in hücumçusu Fedotov ilk topu ofsayddan vurdu. Laysman bayrağı qaldırsa da, baş hakim mərkəzi göstərdi. Andzyulis bununla işini bitmiş hesab etməyərək, növbəti qanunsuz qərar verdi. Bruxti cərimə zərbəsi vurmaq üçün topu rəqib hücumçunun (kitabda ad göstərilməsə də, söhbət məşhur Fedotovdan gedir; protokolda qırmızı vərəqənin səbəbi kimi “kobud toxunuş” yazılıb) əlindən almaq istədi. Əvəzində qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollandı”.
Qlebovun hesabatı “Futbol”un 24 sentyabr sayında, yəni oyunun üzərindən bir həftə ötəndən sonra, ehtiraslar soyuyandan sonra dərc olunubsa, oyunun ertəsi gün – sentyabrın 17-də işıq üzü görən “Azərbaycan bədən tərbiyəçisi” (indiki “İdman”) qəzetində Yuri Məmmədov yazır: “Neftyanik”in OMİK komandası ilə kubok matçını futbol həvəskarları uzun müddət unuda bilməyəcəklər. Ona görə ki, “nadir hakimlik nümunəsi” olan belə matçlara o qədər də tez-tez təsadüf olunmur. Yəqin ki bu matça tamaşa edənlərin çoxu təcrübəli hakim Andzyulis tərəfindən başçılıq edilən hakimlər heyətinin hərəkətlərini izləyəndə belə təsəvvür oyanmışdı ki, onlar gənc hakimlərə “oyunu belə idarə etmək olmaz” mövzusunda əyani vasitələrlə dərs verirlər”.
Əhməd Ələsgərovun oyunsonrası fikirləri ilə də tanış olmağa dəyər: “Hesabın bizim xeyrimizə olmamasına baxmayaraq, futbolçulara heç bir etirazım yoxdu. Onlar yaxşı oynadılar. Açığını desək, 120 dəqiqə davam edən ilk oyundan sonra oyunçuların bir çoxu zədələnmişdi. Ancaq futbolçularımızın finala çıxmaq həvəsi o qədər böyük idi ki, sonrakı gün uşaqlardan heç bir şikayət səsi eşidilmədi. Bu dərəcədə qeyri-obyektiv hakimliyə rast gəlməmişdim. Andzyulis bizə üç zərbə endirdi. Bu zərbələrin hər biri görüşün nəticəsini rəqibimizin xeyrinə həll edə bildi”.
Bəs sonra nə oldu?
Mərhum Ələsgərov “üç zərbə” deyərkən Banişevskinin sayılmayan qolunu, Bruxtinin meydandan qovulmasını və Fedotovun ofsayddan fərqlənməsini nəzərdə tutur. Təbii ki, narazılıq dalğası bir-iki qəzet yazısı ilə bitmədi. Uzun illərdi Tofiq Bəhramov adına stadionda diktorluq edən Ramiz Qafarov xatırlayır ki, həmin oyundan sonra Azərbaycanda “Andzyulis” söyüş kimi işlənib və azarkeşlər Bakıda keçirilən oyunlarda qerarlarına etiraz etdikləri hakimlərin ünvanına məhz “Andzyulis” qışqırırmışlar. Bu məsələnin mənəvi tərəfidi. Acı məğlubiyyətdən sonra haqqının tapdalandığını, finala çıxmaq imkanının əlindən alındığın düşünən “Neftçi” rəhbərliyi hüquqi yola da baş vurur. SSRİ Futbol Federasiyasına göndərilən etiraz ərizəsində oyunun nəticəsinin ləğvi tələb olunur. Bəs bakılıların belə tələblə çıxış etməsinin kökündə nə dayanırdı?
(davamı olacaq)
HUŞƏNG