Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib. Onlayn-konfransda koronavirus pandemiyası nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri ətrafında geniş müzakirələr aparılıb.
Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək, koronavirus infeksiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət və Azərbaycan hökumətinin bu xəstəliyin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqda ətraflı məlumat verib. Həmçinin bu vəziyyətdə federasiyanın ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pyer Suitat, vitse-prezidentlər Karmen Tokala və Con Qonçalves, icraçı direktor Kamil Novak iştirak ediblər.