“Xərclərimizi hesabladıq, təxminən 20 milyon rubl edir (hardasa 500 min manat – H.). Ümid edirəm ki, AÇ-2020-nin növbəti ilə keçirilməsinə görə bizə dəyən ziyanı UEFA aprelin sonuna qədər tam şəkildə hesabımıza köçürəcək” – bu sözləri bir həftə əvvəl “Qazprom Arena”nın direktoru Vladimir Litvinov Rusiya mətbuatına açıqlamasında dilə gətirmişdi.
Elə həmin vaxt BOS-un direktoru Cavid Qarayevlə əlaqə saxlamışdıq ki, görək Bakının bir nömrəli arenası ilə bağlı vəziyyət necədi, bizimkilərə nə qədər zərər dəyib, UEFA-dan kimsə bu məsələ ilə bağlı əlaqə saxlayıbmı, əlaqə saxlasalar, hansı məbləği göstərəcəklər?
Lakin Cavid bəy hər hansı yenilik olacağı halda AFFA-nın ictimaiyyəti məlumatlandıracağını demişdi. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə Əməliyyat Qrupu ilə danışandan sonra konkret cavab verə biləcəyini söyləmişdi.
Firuz bəylə növbəti dəfə əlaqə saxladıq və məlum oldu ki: “Azərbaycandakı Əməliyyat Qrupundan UEFA ilə əlaqə saxlanılıb. Avropanın futbol qurumundan gələn cavabda qeyd olunub ki, Avropa çempionatının bu ildən növbəti ilə keçirilməsinə görə stadionlara təzminat ödənilməsi gündəmdə deyil. Bu məsələ heç müzakirə belə olunmayıb. Hansısa stadionun direktoru bu cür açıqlama veribsə, çox güman, arada anlaşılmazlıq olub”.
HƏBİB