Koronavirus epidemiyası üzündən yarımçıq qalan bəzi çempionatlarla bağlı xəbər var. Belçika və Hollandiyanın ardından Fransada da mövsümün qalan hissəsinin oynanılmayacaği məlum olub. Bu, Fransanın baş naziri Eduard Filippin bu gün milli yığıncaqdakı çıxışından sonra dəqiqləşib.
Filipp qeyd edib ki, koronavirus üzündən bütün idman turnirləri sentyabra qədər keçirilməyəcək. Bu da o deməkdi ki, futbol başda olmaqla bütün idman növlərində cari mövsümü bitirilmiş saymaq olar. Ümumiyyətlə, ölkədə sentyabra qədər 5000 nəfərdən artıq auditoriya toplayan bütün tədbirlər ləğv edilib. Onsuz da Fransada həndbol, voleybol, hokkey kimi idman növlərində mövsümün başa çatması daha öncə rəsmi təsdiqini tapmışdı. Futbolun da aqibəti bəlli oldu. Yalnız reqbinin final mərhələsi üçün iyunda güzəşt edilə bilər. İndi hamını bir sual maraqlandırır: Liqa 1-də çempionluğun, avrokuboklara vəsiqənin, elitadan düşən və elitaya yüksələn klubların taleyi necə olacaq? Bütün bu məsələlərə mayın əvvəllərində baş tutacaq Fransa Futbol Federasiyasının xüsusi toplantısında aydınlıq gələcək. Liqa 1-də mövsüm dayandırılan anda 27 oyuna 68 xal toplayan PSJ lider idi. İkinci pillədəki “Marsel” 28 oyuna 56 xal toplamışdı. Qeyd edək ki, aprelin 28-nə olan məlumata görə Fransada 128 mindən çox adam koronavirusa yoluxub. Onlardan 45 mindən çoxu sağalıbsa, 23 mindən çoxu dünyasını dəyişib.
Bu arada daha bir ölkədə - Argentinada da mövsüm vaxtından əvvəl başa çatdırılıb. Argentina Futbol Assosiasiyasının bugünkü toplantısında bir sıra mühüm qərarlar qəbul olunub. Çempionatın yarımçıq dayandırılmasından başqa qarşıdakı iki mövsüm ərzində heç bir klub elitanı tərk etməyəcək. Bundan başqa, gələn mövsümün başlanğıc tarixi də dəyişdirilib. Qurumun prezidenti Klaudio Tapia “yanvara qədər vəziyyət düzəlsə, onda yeni mövsümə başlayacağıq” açıqlamasını verib. Beləliklə, bu qərardan sonra Dieqo Maradonanın çalışdırdığı “Ximnasiya”nın elitanı tərk etməyəcəyi dəqiqləşib. Maraq üçün bildirək ki, Argentina çempionatında elitanı tərk edən komandalar fərqli üsulla müəyyənləşdirilir. Cari mövsüm də daxil olmaqla son 3 mövsümdə orta hesabla toplanılan xallar nəzərə alınır. Ən zəif göstəriciyə malik üç kollektiv elitanı tərk edir. Bu mövsüm bu baxımdan ən zəif göstərici məhz “Ximnasiya”da idi.