Kubok oyunlarını çempionat bitəndən sonra keçirmək nə deməkdi?
Peşəkar Futbol Liqasının saytı dünən bu məlumatı paylaşıb: “Dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan premyer-liqası, birinci divizionu və kuboku yarışlarına müvəqqəti olaraq fasilə verilib. Ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. Daha əvvəl qəbul olunan qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00.00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarımızla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də birinci divizionun, 23-də isə premyer-liqanın bərpa olunması nəzərdə tutulur.
Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, premyer-liqa oyunları başa çatdıqdan sonra ölkə kubokunun yarımfinal və final oyunları keçiriləcək. Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdı.
Azarkeşsiz keçiriləcək premyer-liqa, birinci divizion və ölkə kubokunun yeni təqvimi ilə bağlı saytımızda məlumat yerləşdiriləcək.
Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hansısa şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər”.
Təbii ki, bu məlumatda maraqlı, hətta heyrət doğuran məqamlar var. Ölkədə virusla bağlı durum sabitləşdiyi, sağalanların sayının yoluxanlarla müqayisədə daha çox olduğu halda, tam azarkeşsizlik qərarını qəbul etmək çətindi. Çempionat bitəndən sonra kubok oyunlarının keçirilməsinə dair qərar da hər iki yarışın mahiyyətinə təsir edəcək. Yəni əvvəlki təqvim, yarışların paralel davam etməsi daha münasib idi. Sabah çempionatda yer tutmaqla avrokuboklara vəsiqə qazanan komandanın kubokda müqavimətsiz təslim olması şəxsən məni təəccübləndirməyəcək. PFL-in dünənki qərarı klubların belə əcaib manevrlərinə yol açır.
PFL-in dünənki qərarı həm də onu göstərir ki, qurum iyunun sonuna qədər bütün ölkədaxili yarışları bitirmək istəyir. Bəzi həftələrə iki tur salmaqla asanlıqla buna nail olmaq mümkündü. Görünür, PFL bu məsələdə futbolçularla müqavilə müddəti, adətən, iyunun sonuna qədər olan klubların mənafeyini nəzərə alıb. Əlavə problem kimə lazımdı? Necə deyərlər, az aşım, ağrımaz başım...
HUŞƏNG