
Üç argentinalı “Terminal” filminin qəhrəmanına çevrilib!
Bugünlərdə Frankfurt hava limanından maraqlı xəbərlər gəlməkdədi. Birdən-birə üç argentinalı futbolçu artıq 1 həftədi hava limanında ilişib qalıb. Onlar nə öz ölkələrinə yollana, nə də hava limanını tərk edib başqa yerə gedə bilirlər! Bu hadisə Tom Henksin baş rolda çəkildiyi Stiven Spilberqin “Terminal” filmində yaşananları xatırladır. Yeganə fərq ondadı ki, filmdəki baş qəhrəman Nyu Yorkun, bu olayın baş qəhrəmanları isə Frankfurtun hava limanında ilişib qalıblar.
Məsələ burasındadı ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən 3 argentinalı futbolçu – Leonardo Xil (Əl-İttihad), Serxio Vittor (Damak) və Kristian Quanka (Əl-Şabab) koronavirus epidemiyası üzündən yaranmış karantin dönəmində ailələriylə birlikdə vətənə yola düşmək qərarına gəliblər. Amma Səudiyyə Ərəbistanından Argentinaya birbaşa reys olmadığına görə onlar əvvəlcə Almaniyaya yollanmaq məcburiyyətində qalıblar. Əsas şoku isə Frankfurtda yaşayıblar. Futbolçular nə qədər çalışsalar da, Argentina rəsmiləri onların vətənə buraxılmasına icazə verməyib! Problem ondadı ki, Frankfurtdakı hava limanı da işləmir. Ora yalnız xüsusi reyslə vətəninə yola düşməyə hazırlaşan əcnəbi vətəndaşlar buraxılır. Yəni futbolçular 1 həftədi hava limanını tərk edə bilmirlər. Kristian Quanka həyat yoldaşı, 6 və 7 yaşında iki qızı, eləcə də 56 yaşlı anasıyla birlikdədi. Leonardo Xil “Bild” nəşrinə açıqlamasında bunları deyib: “Döymədiyimiz və kömək istəmədiyimiz qapı qalmayıb. Mümkün olan hər yerə müraciət etmişik. İşin dəhşətli tərəfi odu ki, burdan Buenos-Ayresə uçan təyyarə başqa ölkə vətəndaşlarını yığıb yola düşür. Amma biz argentinalılara icazə verilmir. Biabırçı durum yaranıb. Hokumətimizin nə üçün bizi qəbul etmədiyini bilmirik. Otellər də bağlıdı. Cəmi 2 otaq tapa bilmişik. Onları da Quankanın qızlarına və anasına vermişik. Biz özümüz isə adətən, yerdə yatırıq. Sağ olsunlar, hava limanının bəzi işçiləri bizə bacardıqları qədər yardım edirlər”. Futbolçular ümidlərini itirmirlər. Onlar indi Argentina hökumətinin öz vətəndaşlarını ölkəyə gətirmək üçün planlaşdırdığı digər reyslərə göz dikiblər. Argentinaya aprelin 27-də Madriddən, aprelin 29-da Romadan, mayın 1-də Parisdən və mayın 3-də Barselonadan uçuşlar nəzərdə tutulub.