Sizin reklam burada

Hollandiya çempionatı rəsmən bitdi!

Baxış Sayı:350


UEFA buna görə ölkəni avrokuboklarsız qoya bilər
Hollandiya Kral Futbol Federasiyası və erediviziya rəhbərliyi koronavirus üzündən yarımçıq qalan ölkə çempionatıyla bağlı tarixi qərar qəbul edib. Hollandiyada 2019/20 mövsümü birdəfəlik dayandırılıb! Bu da o deməkdi ki, 1945-ci ildən bəri ilk dəfə Hollandiyada çempion məlum olmayacaq!
Əslində bu qərarı gözləmək olardı. Çünki bir neçə gün öncə Hollandiya hökuməti ölkədə bütün tədbirlərin sentyabrın 1-nə qədər ləğv olunmasıyla bağlı qərar qəbul etmişdi. Bura hətta azarkeşsiz futbol matçları da daxil idi. Ona görə də yerli federasiyanın belə qərar qəbul etməkdən başqa çarəsi qalmadı. Beləliklə, cari “futbol ili”ndə nə çempion olacaq, nə də elitadan düşən klublar! Bu mövsümdəki 18 klub gələn mövsümdə də mübarizə aparacaq. Xatırladaq ki, mövsüm dayandırılan anda “Ayaks”la “Alkmaar” 56 xalla 1-2-ci yerəri bölüşürdü. Amsterdam nəhəngi topların daha yaxşı fərqinə görə lider idi. “Feyenoord” 50 xalla 3-cü, PSV 49 xalla 4-cü, “Villem II” 44 xalla 5-ci pillədə qərarlaşmışdı. Avrokuboklara da məhz bu klublar yollanacaq. ÇL-də “Ayaks” (pley-off) və “Alkmaar” (2-ci təsnifat mərhələsi), AL-də “Feyenoord” (qrup mərhələsi), PSV və “Villem II” (hər ikisi 2-ci təsnifat mərhələsi) oynayacaq. Son iki pillədə “Den Haaq” və “Velveyk” qərarlaşmışdı. Artıq qeyd etdiyimiz kimi, onlar elitanı tərk etməyəcək. Eləcə də aşağı liqada ilk iki pilləni tutan “Kambur” və “Qraafshap” gələn mövsüm yenə orda oynamaq məcburiyyətində qalacaq.
Bu qərar heç də bütün klubların ürəyincə olmayıb. Məsələni qəlizləşdirən məqam odu ki, klublar heç də eyni sayda oyun keçirməyib. Dördü 25, qalanı 26 oyuna çıxıb. Haqsızlığa məruz qalan əsas komanda “Utrext”di. Bu komanda 41 xalla 6-cı pillədədi və bir oyun az keçirdiyi 5-ci pillədəki “Villem II”dən cəmi 3 xal geridədi. Bundan başqa, “Utrext” ölkə kubokunun finalına da vəsiqə qazanıb və orda “Feyenoord”la qarşılaşmalıydı. Həmin oyun da, təbii ki, ləğv olunub. Bütün bunlara baxmayaraq, “Utrext” avrokuboklara buraxılmayıb. Gözlənildiyi kimi, klub federasiya və erediviziya rəhbərliyini məhkəməyə verib, üstəlik UEFA-ya da şikayət edib. Əslində tək “Utrext”in yox, Hollandiyanın bütün klublarının yayda avrokuboklarsız qalmaq ehtimalı var. Çünki UEFA aprelin 23-də federasiya rəsmiləriylə keçirdiyi videokonfransda qeyd edib ki, ciddi səbəb göstərmədən mövsümü bitirməkdən imtina edən ölkələrin klubları avrokuboklara buraxılmayacaq. İndi yerli federasiya həmin ciddi səbəbi UEFA-ya təqdim etməli və bu qərarı əsaslandırmalı olacaq.
Sonda qeyd edək ki, Hollandiya Avropada mövsümü yarımçıq başa vuran ikinci ölkə oldu. Daha öncə Belçika çempionatı da vaxtından əvvəl yekunlaşmışdı. Özü də Hollandiyadan fərqli Belçikada çempion da elan olunmuşdu. Mövsüm dayandırılan anda lider olan “Brügge” tarixinin 16-cı çempionluğunu qazanmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR