Sizin reklam burada

PFL-in mayın 25-nə qədər vaxtı var

Title

“Çempionatın davam etdirilməsinin və mövsümün idman prinsipləri əsasında bitməsinin tərəfdarıyıq”
Ötən gün UEFA-nın quruma üzv olan ölkələrin federasiyaları ilə videokonfrans keçirdiyindən xəbərdarsız. Konfrans zamanı yerli federasiyalara mövsümü başa çatdırmaqla bağlı müxtəlif tövsiyələr verilib. Qitə futbol qurumundan bildirilib ki, mayın 25-nə kimi federasiyalar çempionatla bağlı proqramını qarşı tərəfə təqdim etsinlər. Bundan başqa, UEFA rəsmiləri çempionatı qısa vaxtda başa çatdırmaq üçün variantlar da təklif edib ki, onlardan biri də pley-off yolu ilə mükafatçıları müəyyənləşdirməkdi.
Azərbaycanda ölkə çempionatının və kubokunun təşkilinə Ramin Musayevin rəhbərlik etdiyi Peşəkar Futbol Liqası (PFL) cavabdehlik daşıyır. UEFA-nın son videokonfransında səslənən fikilər, verilən tövsiyələr ilə bağlı PFL-in hansısa planının olub-olmadığını öyrənmək üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Əvvəlcə onu bildirim ki, UEFA bizim mətbuatda yazıldığı kimi, mayın 27-nə yox, 25-nə kimi vaxt verib. Yəni PFL olaraq, qitə futbol qurumuna ya çempionatın davam edəcəyini, ya da mövsümü 20 turun yekunlarına görə başa vuracağımızı bildirməliyik. Bununla bağlı məktubu bu gün almışıq. Pley-off variantına gəlincə, UEFA bunu, sadəcə, tövsiyə edir. Bunda da məqsəd odu ki, istənilən halda çempionatların başa çatdırlmasının tərəfdarıdı. Qitə futbol qurumu hətta yerli çempionatlarda reqlamentin dəyişdirilməsi bahasına olsa belə, mövsümün başa çatdırlmasını istəyir. Bu üzdən müxtəlif variantlar təklif olunur. Ancaq bizim üçün pley-off variantı o qədər də önəmli deyil. Çünki bizdə sona cəmi 8 tur qalıb. İnşallah, düşünək ki, mayın 4-də karantin götürülərsə, bizim çempionatın keçirilməsi ilə bağlı hansısa problem olmayacaq. Düzdü, bizim də müzakirə etdiyimiz məsələlər var. Yəni çempionat bərpa olunarsa, necə olacaq. Bunu klublara göndərərik. Ancaq müzakirələrin nədən ibarət olduğunu hələ açıqlamaq istəmirik. Çünki onlar da oxuyurlar, özləri üçün müəyyən nüansları müəyyənləşdirirlər, fikilərini bildirirlər. Ondan sonra tam təsdiq olunmuş qərar olacaqsa, o halda ictimaiyyətə məlumat veriləcək”.
Görəsən, ali qurumun onlayn konfransında səslənən fikirlər, tövsiyələr ilə bağlı PFL prezidentinin klub rəsmiləri ilə görüşüb müzakirələr aparmaq fikir var? Şahgədliyev Musayevin müntəzəm klub prezidentləri ilə əlaqə saxladığını söylədi: “Nəinki konfransdan sonra, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev klub rəhbərləri ilə daim əlaqə saxlayırlar. 8 komandanın rəhbərliyi hər gün verilmiş son qərarları müzakirə edir. Hər hansı kommunikasiya problemi yoxdu. Və həmin bu planlaşdırmalar, bizim tərəfimizdən təqdim olunan məsələlər - çempionat bərpa olunarsa, bu kimi təkliflərimiz var, necə baxırsız – onlar arasında müzakirə olunur. Klub prezidentləri də baş məşqçiləri ilə deyilən məsələləri dəqiqləşdirib bizə cavab yazırlar”.
Bir müddət öncə mətbuata açıqlama verən Ramin bəy “karantin uzadılacağı halda mövsüm yarımçıq başa çata bilər” fikrini də səsləndirmişdi. Bunun nə dərəcədə real olduğun PFL rəsmisi ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Yəqin ki Ramin müəllim bunu ən son variant kimi vurğulayıb. Əslində UEFA da bu gün bunu deyir: yalnız o halda çempionatı dayandıra bilərsiz ki, cari mövsümü yeni başlayacaq “futbol ili”nə qədər yekunlaşdırmaq mümkün olmasın. Klubların müflis olmaması üçün atılan addımdı. Ramin müəllim də yeni mövsümün startına qədər qalan 8 turu keçirmək mümkün olmayacağı təqdirdə belə olacağını bildirib. PFL prezidenti bu fikirdə olan tək rəsmi şəxs deyil. Misal üçün bu gün Niderland, Belçika, Şotlandiya kimi ölkələr də UEFA-ya müraciət edərək, çempionatlarının yarımçıq dayandırlmağını istəyirlər. Amma biz də hələ ki belə bir hal yoxdu. Son ana qədər çempionatın davam etdirilməsinin və mövsümün idman prinsipləri əsasında bitməsinin tərəfdarıyıq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.