Koronavirus epidemiyası başqa sahələr kimi futbolu da dizi üstə qoydu. Çempionatlarda fasilə yarandı, bundan sonrakı təqvimin necə olacağı bilinmir, avrokubok və növbəti mövsümlə bağlı planlar qarışıqdır. Və ən əsası, çoxlarının, xüsusən də azərbaycanlı futbolsevərlərin həvəslə gözlədiyi Avropa çempionatı gələn ilə “sürüşdürüldü”.
Halbuki bu il 4 oyunu Bakıda keçirilməli olan Avropanın bir nömrəli yığma turnirinə xüsusi hazırlıq görülmüşdü. BOS strateji əhəmiyyətli qurğu kimi qorunub saxlanırdı. Quş quşluğu ilə arenanın üstündə uçmaq üçün xüsusi icazə sənədinə sahib olmalıydı.
Bu isə o deməkdi ki, təxirəsalma həm BOS-un planlarına təsir etdi, belə deyək, hansısa mənada maliyyə itkisinə yol verildi. UEFA-da oturanlar ziyana düşən ölkələrin əhvalından xəbərdardı. Odu ki, artıq indidən qurumdan “Qazprom Arena”nın rəhbərliyinə 20 milyon rubl (təxminən 295 min dollar, 500 min manat) məbləğinda təzminat ödəniləcəyi ilə bağlı məlumat verilib. Təbii ki, sevindirici xəbərdi.
Maraqlıdı, BOS-a nə qədər verəcəklər? Ümumiyyətlə bu məsələ ilə bağlı bizimkilərə məlumat verilibmi? Versələr, BOS-dan hansı məbləği göstərəcəklər? Sullara ən dolğun cavabı arenanın rəhbəri Cavid Qarayevlə söhbətdə aydınlıq gətirmək olardı. Lakin əlaqə saxladığımız Cavid bəy bu haqda konkret söz deyə bilməyəcəyini söylədi: “Bu haqda bizdə məlumat yoxdu. Hansısa yenilik olsa, AFFA-dan ictimaiyyətə xəbər veriləcək”.
Aldığımız cavabdan sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Qurumun sözçüsü də dəqiq fikir söyləyə bilməyəcəyini diqqətimizə çatdırdı: “Bu elə bir mövzudu ki, gərək Əməliyyət Qrupu ilə dəqiqləşdirim. Görüm bu haqda məlumat daxil olub, ya yox. Əməliyyat Qrupuna müraciət ünvanlamışam, cavab gələn kimi sizi məlumatlandıracam”.
HƏBİB