FİFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək. Ali futbol qurumunun rəsmi saytında yer alan xəbərə görə, 150 milyon dollar 211 milli federasiya arasında bölüşdürüləcək. FİFA hər federasiyaya 500 min dolları, eyni zamanda 2019-20-ci illər üçün nəzərdə tutulan vəsaitin qalan hissəsini köçürəcək. Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi bildirilib. Təcili maliyyə yardımı milli assosiasiyalara işçilər və 3-cü şəxslər qarşısında öhdəlikləri yerinə yetirmək üçün verilib. FİFA üzv assosiasiyalara yalnız müəyyən olunan meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə futbolu qorumaq üçün bu addımın atıldığı bildirilib.