1-ci yazı
Futbolla az-çox maraqlananlar “Qutmann lənəti” ifadəsini (1-ci arayışa bax) eşidib. Ötən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində SSRİ kubokunda “Neftçi”nin yaşadıqları məhz elə lənətlənməyə bənzəyirdi. 5 il ərzində dörd dəfə yarımfinalda oynayan və bunların hamısında ən müxtəlif ssenarilər üzrə uduzan komandanın başına gələnlər bir yox, bir neçə yazı üçün araşdırma mövzusudu. İnşallah, qəzet variantımız işə düşəndən sonra bu haqda daha ətraflı danışarıq. Amma 1967 üzərində xüsusi dayanmağa dəyər. Axı, bir il əvvəl “Neftçi” SSRİ çempionatının bürünc medallarını çox parlaq şəkildə qazanmışdı, çempiona iki oyunun heç birində uduzmamış, 2-ci yeri tutan OİK-i isə iki dəfə məğlub etmişdi.
Elə ölkə kubokunun 1966/67 mövsümünə də bakılılar həvəsli başladı. 1/16 finalda Çelyabinsk “Lokomotiv”i, 1/8 finalda Tiflis “Dinamo”su, 1/4 finalda “Paxtakor” məğlub edildi. 1965/66 mövsümünün yarımfinal oyunları Leninqrad (Torpedo M - Çernomorets) və Tiflisdə (Dinamo Mn – Dinamo K) keçirildiyi halda, bu dəfə SSRİ Futbol Federasiyasının Rəyasət Heyəti yarımfinal oyunlarının ikisinin də Moskvada keçirilməsinə qərar verdi. Beləliklə, sentyabrın 15-də ÇSKA – “Neftçi”, ertəsi “Dinamo” (M) – “Sokol” oyunu keçiriləcəkdi. Moskvada nəşr olunan populyar “Futbol” həftəliyinin sentyabrın 10-da işıq üzü görən sayında Azərbaycanın maraqla gözlədiyi oyunu litvalı Andzyulisin idarə edəcəyi yazılmışdı. Elə həmin sayda məşhur Sergey Yeseninin (“Proşay, Baku”, “Persidskie motivı”) elə özü qədər məşhur olan oğlu Konstantinin “Tarix və davamı” sərlövhəli yazısı dərc olunub. Müəllif bütün yarımfinalçıları (ÇSKA, Neftçi, Sokol, Moskva “Dinamo”su) tanıdan yazısında bakılılar haqda belə yazıb: “Bakılılar ilk dəfə yarımfinaldadı. Azərbaycan paytaxtının komandaları indiyə qədər maksimum 1/4 finalda oynayıb: 1939, 1944, 1949, 1961-ci illərdə. Onlar 1938, 1945, 1952, 1955 və 1964-cü illərdə də 1/8 finala qədər irəliləyiblər. Ancaq bakılıların təvazökar uğurları onların kuboka marağının yoxluğundan xəbər vermir. Bu faktlar kifayətdi: onlar beş dəfə kubokun gələcək sahibinə uduzublar – 1938-də “Spartak”a, 44-də “Zenit”ə, 49 və 52-də “Torpedo”ya, 1964-də Kiyev “Dinamo”suna. Qeyd etməyə dəyər ki, bakılılar 5 dəfə yalnız əlavə vaxtda mübarizəni dayandırıblar”.
Belə oyunlar ərəfəsində xarakterik olan ənənəvi “hakim kimdi” sualına keçməmiş SSRİ çempionatının 1967 mövsümü ilə bağlı bəzi məqamlara toxunmağa dəyər. “Neftçi” həmin il, daha doğrusu, iyulun 4-də 40 min azarkeşin izlədiyi oyunda Bakıda ÇSKA-nı darmadağın etmişdi – 4:0. BMT “üçlüy”ü heyətində İstomin, Kapliçnı, Şesternyov, Fedotov kimi ulduzların olduğu “hərbçilər”ə heç bir şans verməmişdi. Belə inamlı qələbəni görən futbol ictimaiyyəti oyunun Moskvada keçiriləcəyi fonunda belə bakılıların qələbəsinə şübhə etmirdi. Baxmayaraq ki ÇSKA SSRİ Müdafiə Nazirliyinin nəzarətində idi, istənilən futbolçunu heyətə qatmaq və qayda-qanunları tapdalamaq adı çəkilən qurum üçün su içmək qədər asan idi. SSRİ Futbol Federasiyası ölkədə daha tanınan, SV-si daha zəngin, ağır oyun təcrübəsi daha zəngin hakimlər qala-qala, idarəçiliyi litvalı Kestutis (bəzi mənbələrdə Kyastutis) Andzyulisə tapşırdı.
15 sentyabr 1967, cümə, Moskva, Lenin adına mərkəzi stadion.
ÇSKA: Kudasov, İstomin, Şesternyov (k), Baqriç, Kapliçnı, Panov, Şulyatitski, Antoneviç (Maslyayev), Fedotov, Polikarpov, Yuşka.
Baş məşqçi: Vsevolod Bobrov.
Neftçi: Sergey Kramarenko, Adil Babayev, Vladimir Bruxti, Yaşar Babayev, Aleksandr Syomin, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Mübariz Zeynalov, Anatoli Banişevski, Eduard Markarov (k), Valeri Hacıyev.
Baş məşqçi: Əhməd Ələsgərov.
Bu oyun haqda yazan mənbələr çoxdu, amma icazənizlə idman ustası Nikolay Qlebovun “Futbol” həftəliyinin 17 sentyabr tarixli sayında işıq üzü görən, ilk oyuna həsr olunan reportajına müracət edəcəm...
1-ci arayış
Bela Quttmann (13.03.1900 – 28.08.1981). Macar əsilli, futbol tarixinin ən populyar və titullu məşqçilərindən biri, eyni zamanda futbolçu. “Benfika”nın baş məşqçi postunda iki dəfə Çempionlar Kubokunu qazanmaqla dünyaya səs salıb. Klassik 4-2-4 sxeminin yaradıcılarından biridi.
“Benfika”nın bir çox azarkeşi Quttmannın sehrbazlıq bacarığına inanır. Lissabonda 4 ilə 5 titul qazanandan, daha doğrusu, 1962-də Çempionlar Kubokunu götürəndən sonra klub rəhbərliyinə yaxınlaşan Quttmann maaşının artırılmasını xahiş etsə də, rədd cavabı alaraq qovulub. Və qəzəbini gizlətmədən belə deyib: “Bundan sonra 100 il ərzində “Benfika” Avropada heç bir kubok qazanmayacaq”.
Doğrudan da, həmin vaxtdan bəri “Benfika” 5 dəfə Çempionlar Kubokunun, 3 dəfə Avropa Liqasının finalında oynasa da, hamısında uduzub. 1990-cı ildə, ÇK çərçivəsindəki final oyunundan əvvəl Quttmannın məzarına baş çəkən Eysebio ondan lənəti götürməyə xahiş etsə də, bu da işə yaramadı. Məşhur lənətdən 58 il ötür, deməli, “Benfika” hələ 42 il də gözləməlidi...
2-ci arayış
Kestutis Yurginoviç Andzyulis
1929-cu il mayın 24-də Kaunasda dünyaya gəlib. Baş hakim karyerasına 1959-cu ildə aşağı dəstə oyunlarını idarə etməklə başlayıb. SSRİ çempionatının yüksək dəstəsində ilk oyuna 1961-ci ildə çıxıb. SSRİ çempionatının və kubokunun 187 oyununu idarə edib. 1962-ci ildən Ümumittifaq, 1970-ci ildən beynəlxalq dərəcə daşıyıb. 9 dəfə ölkənin 10 ən yaxşı hakimi siyahısına düşüb.
Orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib. 60-cı illərin sonlarından “Kaunasskaya pravda” qəzetində şöbə müdiri olub. 1986-cı ildə nəşr olunan “Topla və fitlə: futbol hakimliyi haqda oçerklər” kitabının müəllifidi. 2007-ci il mayın 8-də Kaunasda vəfat edib. SSRİ çempionatının güclülər dəstəsində (1961, 1964, 1966, 1967, 1970) Andzyulisin idarə etdiyi 6 oyunun heç birində “Neftçi” qələbə qazanmayıb (5 heç-heçə, 1 məğlubiyyət).
HUŞƏNG
(davamı olacaq)