Sizin reklam burada

“Qarabağ” çempion olsa, “Forza”nın “tükü tərpənməyəcək”

Title

Sübhan Əliyev: “Dünyada yayılan xəstəlikdi, qurumlar da şəraitə uyğun davranır”
Dünən UEFA rəsmiləri quruma üzv olan 55 ölkənin federasiyalarıyla növbəti videokonfrans təşkil etdi. Ciddi müzakirələr aparıldı, bəzi qərarlar qəbul edildi və həmin qərarlar yerli federasiyaların diqqətinə çatdırıldı.
Deməli, aralarında ən diqqətçəkəni Avropanın ali futbol qurumunun bütün federasiyalara cari mövsümü ən gec avqustun 3-nə qədər bitirməklə bağlı verdiyi tapşırıqdı. Bunun üçünsə çempionatlar uzağı iyunda başlamalıdı ki, avqustun 3-nə qədər tamamlamaq mümkün olsun. Hansısa federasiya iyuna qədər çempionatı bərpa edə bilməsə, bu haqda mayın 27-nə kimi UEFA-ya cavab verməlidi.
Məlum qərara baxmayaraq, bizdəki durum hələ də qeyri-müəyyəndi. Karantın rejimi mayın 4-nə qədər uzadıldığından və ondan sonrakı qərarın nədən ibarət olacağı bilinmədiyindən, PFL bu vəziyyətdə çaş-baş qalıb. Lakin inanmaq istərdik ki, mayın ikinci 15 günlüyündə olsa belə, komandalar hazırlığa başlayacaq və iyunda çempionat bərpa olunacaq.
Şər deməsən, xeyir gəlməz. Qısa müddətdə koronavirusa yoluxanların və ölənlərin sayında artım olsa, karantin rejimi azı iyuna qədər davam edəcək. Belə olacağı halda isə çempionatı bərpa etmək mümkün olmayacaq. PFL məcbur qalıb medalları komandaların turnir cədvəlindəki indiki ardıcıllığı üzrə böləcək. Bu baş versə, narazılıq dalğası artacaq, idman prinsipləri pozulacaq.
Maraqlıdı, çempionat bu şəkildə başa çatdırılsa və “Qarabağ” çempion elan olunsa, “Neftçi”lilərin, lap dəqiq desək, “Forza Neftçi”nin buna reaksiyası necə olacaq? Qrupun rəhbəri Sübhan Əliyevin fikirlərini dinləyək: “Bu dəqiqə ən böyük istəyimiz çempionatın bərpa olunmasıdı. İdman prinsiplərinin pozulması bir yana, martdan sentyabra qədər futbolsuz qalmağın fanat üçün nə demək olduğunu həyatını tribunaya həsr edənlər bilər. “Neftçi” həyatımızın bir parçasıdı, gecə-gündüz komandamızı fikirləşirik, oyunlarını səbirsizliklə gözləyirik. Kimsə harasa işə düşəndə istirahət gününü “Neftçi” üçün ayırır, rəhbərliklə əvvəldən şərt kəsir. Belə deyim, ağ-qara rənglər həyatımızın mənası olub. Bu, məzara qədər aparacağımız sevgidi. Ona görə də 5-6 ay futbolsuz qalmağı təsəvvür edə bilmirik.
Bəli, bu gün çempionluğa real namizəd “Qarabağ”dı, hər halda, 8 xal az fərq deyil. Amma unutmayaq ki, 22-ci turda bu komandayla oyunumuz var. Qalib gəlsək, mübarizə qızışa bilər. Çünki sona yaxın başqa komandalar da meydanda can qoyacaq ki, bu da iddialıların xal itirməsinə səbəb ola bilər. Yəni intriqa tam ölməyib.
Çempionat bu şəkildə başa çatdırılsa belə, edə biləcəyimiz bir şey qalmayacaq. Futbol qurumlarının qərarına hörmətlə yanaşmalı, “Qarabağ”ın çempionluğunu normal qarşılamalıyıq. Burda “Qarabağ”lıq, yaxud “Neftçi”lik bir şey yoxdu. Dünyada yayılan xəstəlikdi, qurumlar da şəraitə uyğun davranır. Yenə deyirəm, “Neftçi”nin çempion olmasını istəyirik, arzulayırıq, amma bizim istəyimizlə olmur”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.