Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti COVID-19 pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan “Formula-1” üzrə Azərbaycan “Qran-pri”siylə bağlı son vəziyyətə aydınlıq gətirib. BŞH-nin yaydığı məlumata görə, builki çempionatın ilkin yarış cədvəlində 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan Azərbaycan “Qran-pri”sinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, “Formula-1” rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul olunub. Hazırda “Formula-1” üzrə dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edir. Əməliyyat şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət sabitləşməyənə, həmçinin karantin tədbirləri tam aradan qaldırılmayana qədər “Formula-1”in Bakı mərhələsi üçün dəqiq tarixin müəyyənləşdirilməsi mümkün olmayacaq.
Azərbaycan “Qran-pri”sinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun hesab etmir və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda “Formula-1” komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq. Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə “Formula-1” rəhbərliyi Bakı mərhələsinin oktyabrın ortalarına qədər keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdi.
Qeyd edək ki, “Formula-1”in Bakı mərhələsi paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan builki Azərbaycan “Qran-pri”sinin yeni tarixi barədə yekun qərarın iyulun ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridi. Əməliyyat Şirkəti göstərilən anlayışa görə yarışın bütün iştirakçılarına və tərəfdaşlarına təşəkkür edib.