Ötənlərin məşhur ingiltərəli forvardlarından biri olan Les Ferdinand “Bein Sports” kanalına açıqlamalar verib. Onun hazırda 53 yaşı var. “Beşiktaş”da cəmi 1 mövsüm (1988/89) oynamasına baxmayaraq, vurduğu qollarla iz buraxmağı bacaran Ferdinand Türkiyə xatirələri və başqa məqamlar haqda danışıb: “Koronavirus tək futbola yox həyatımızdakı hər şeyə təsir edib. Dünya hazırda çox çətin dönəmdən keçir. Amma görürük ki, futbol həmişə yaşamağa, ayaqda qalmağa davam edir. Mənim işim dəyişməyib. Əvvəlki kimi futbolçu izləməklə məşğulam. Sadəcə, artıq bunu evdə internetdən edirəm. Təxirəsalmaların futbolun və cəmiyyətin xeyrinə olduğunu düşünürəm. Bütün idman növlərində durum eynidi. “Beşiktaş”ın son durumunu, nəticələrini, təbii ki, izləyirəm. Türkiyəylə bağlı bir çox gözəl xatirələrim var. Türkiyə təcrübəsi yaşamağım oyunuma yaxşı mənada təsir etdi. “Beşiktaş” həmin vaxt qucaq açaraq məni qəbul etdi. Buna görə həmişə kluba minnətdar olacam. Karius və N'Kudu yaxşı futbolçulardı. Düzdü, ikisinin də premyer-liqa karyerası istənilən səviyyədə alınmadı. Amma karyeralarında yeni səhifə açmaq üçün Türkiyə yaxşı seçimdi. “Beşiktaş”a keçidimdə klubun o dönəmdəki baş məşqçisi Qordon Milnin böyük rolu oldu. Həm klub, həm də şəhər haqda mənə xoş sözlər dedi. Mən də razılıq verdim və peşman da olmadım. Ən azı Türkiyə kubokunu qazandıq. İlk məşqimə çıxanda gözlərimə inana bilməmişdim. Məşqi izləməyə az qala 30 min azarkeş gəlmişdi. Həmin məşqdəki gurultunu daha öncə heç rəsmi oyunda da eşitməmişdim. Superliqa hər il daha da güclənir. Türkiyəyə getmək istəyən bir çox futbolçuyla söhbət edib, onlara məsləhətlər verirəm. Sörlotu çox bəyənirəm. “Kristal Pelas”da özünü göstərə bilməmişdi. Amma “Trabzonspor”da inanılmaz futbol sərgiləyir. Cenk Tosunun premyer-liqa karyerası tam istənilən şəkildə keçməsə də, onun oyununu bəyənirəm. Premyer-liqa çətin turnirdi və bura dərhal uyğunlaşmaq çətin olur. Bura gəldikdən sonra Cenk Tosunun həm məşqçisi, həm də mövqeyi dəyişdi. Onun daha çox sevgiyə və dəstəyə ehtiyacı var. Məncə, hələ özünü göstərəcək”.