Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə – başlanğıc, orta və üst – idman poqramı hazırlanıb. Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqramla bağlı məlumat verib: “COVID-19-la bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinliklər yaradır. Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusilə gənc idmançılara aiddi. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu məşq proqramları çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi futbolçular üçün ən vacib fiziki göstəricilər üzrə hazırlanıb. İdmançıların yaş və fiziki imkanlarını nəzərə alaraq, üç idman proqramı hazırlamışıq – başlanğıc, orta və üst səviyyə.
Başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün hazırlanıb. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündü. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim olunan qaydalar və göstərişlərə riayət edin”.