Sizin reklam burada

Polis Ramilə güzəşt edir

Baxış Sayı:327


Gənclər və İdman Nazirliyi karantin günlərində “İdman TV” ilə birgə "Evdə qal, idmansız qalma!" layihəsini həyata keçirir. Proqramın qonaqlarından biri də Türkiyə yığmasının heyətində 200 m məsafəyə qaçışda Avropa və dünya çempionu olan Ramil Quliyev olub. Milli komandamızın sabiq üzvü hamını evdə qalmağa səsləyib: "Hamımız çətin dönəmdəyik. Hər şeyi təkcə özümüz yox, ətrafdakılar üçün də edirik. Sən evdə qalsan, hamını xilas edərsən. Bəzi insanlar xəstə olduqlarını bilmir, xəstəliyi daşıyır və başqalarına ötürür. Bu üzdən karantin rejimi tətbiq olunub. Hamı evdə qalsa, çölə çıxmasa, xəstəlik yayılmayacaq. Belə olarsa, xəstəlik çox tez gedər. Hamıya tövsiyə edirəm ki, evdə qalsın… Yaxınlıqdakı parkda qaçanda polis cərimə yazır. Lakin milli üzvü olduğuma görə mənə güzəşt olunur. Olimpiadaya hazırlaşanda gündə iki dəfə məşq edirdik və bu, 2-3 saat çəkirdi. Həmin vaxt yeməyə çox diqqət etmək lazım gəlmirdi. Çünki yemək yeyəndən sonra bütün enerjini məşqdə verirdim. Hazırda isə çox məşq edə bilmirik. Ona görə də yeməyə fikir vermək lazımdı. Buna riayət etməsək, çəkimiz artacaq. Normalda yediyimizin yarısını yeyirik… Karantin başlayana qədər evdə çox olmurdum. Çünki il ərzində bəlkə də bir ay evdə qala bilirdim. Həmişə təlim-məşq toplanışında idim, yığmanın hazırlıq proseslərinə qatılırdım. Hazırda Türkiyədə karantin rejimidi. Hamı evdə oturur. Bu gün uşaqların bayramıdı. Həftəsonuna qədər evdə olacağıq, çölə çıxa bilmirik”.
9 ildi Azərbaycandan gedən 30 yaşlı idmançı dogma dilini unutmağa başladığını etiraf edib: "2011-ci ildən Türkiyədə yaşayıram. Ətrafdakı insanlarla eyni dildən istifadə edirik. Bu üzdən də Azərbaycan dilini bir az unutmuşam. Praktika lazımdı, danışsam, uzağı bir aya yenidən öz dilimə uyğunlaşa bilərəm".
Tokio Olimpiadasına lisenziya qazansa da, Ramil ötən ili uğursuz sayır: "Əslində yaxşı hazırlıq keçmişdim. Mövsümü 19,98 saniyə ilə açdım. Bununla da Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Mövsümə çox yaxşı başlamışdım, yaxşı nəticə var idi. Atletika yarışları arasında fasilə az olur. Üç gün bir yerdə qalırıq, daha sonra başqa şəhərə gedirik. Təyyarədə, bağlı yerlərdə və otellərdə olduğum üçün xəstələndim, virusa yoluxdum. Məşqlərə yenidən başlamaq lazım gəldi. İstədiyim formanı yığa bilmədim".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR