Tahir Süleymanovun fikirləri: Nazim Süleymanovdan Frits Stuxlikə qədər
Görün dünyanın harasıdı ki, az qala hər gün geniş geniş yazmağa mövzu tapan Tahir Süleymanovun da səs-sorağı gəlmir. Təcrübəli futbol mütəxəssisinin “feysbuk” səhifəsi düz iki həftədi səssiz görünür, axırıncı yazısı “Valensiya”nın emblemindəki yarasa haqda olub.
Fəal həyata, danışmağa, yazmağa, müzakirə etməyə öyrəşən Tahir bəyin darıxmasına göz yummaq ədalətsizlik olardı. Odu ki, ölkə futbolu ilə bağlı bir neçə sual hazırlayıb, Süleymanovun cavablarını dinlədik.
- “Feysbuk” səhifəsiniz susmaqdadı. Deyəsən, siz də bizim kimi yazmağa mövzu tapmırsız.
- İstər futbol, istərsə də gündəlik həyat ilə bağlı kifayət qədər mövzu var. Gündəlik olmasa da, münasibət bildiririk. Ağır karantin günlərində insanlar evlərə qapanıb, maddiyyat öz yerində, psixoloji olaraq da çətin günlər yaşayırlar. Belə durumda izləyiciləri ağır, problemli mövzularla da yormaq düz olmaz. Dünyada milyardlarla insan təcrid olunub, işini itirib, həyat dayanıb. Dövlətlər müxtəlif yardım paketləri ilə tənzimləyici addımlar atır, insanlar bir-birinə yardım edir, qulluqda duran peşə sahibləri çətin anlar yaşayır, ölümlə üz-üzə qalırlar. Belə şəraitdə müəyyən dövr öz mənəvi düşüncələri ilə baş-başa qalmaları daha faydalı olar. Sosial şəbəkələr böyük gücə, əhatə dairəsinə malikdi, ona görə də əhali psixoloji gərginlikdə yüklənməməlidi.
- Karantin dövründən sonra Azərbaycan futbolunun, lap elə dünya futbolunun durumunu təsəvvür edə bilirsizmi?
- İnanaq ki, tez bir zamanda bəşəriyyət koronavirusa qalıb gələcək. İstənilən halda həyata baxış dəyişəcək. Artıq dəyişir. Sivilizasiya elə də təhlükəsiz deyil.
Futbola gəlincə, dəyəri daha çox bilinəcək, artacaq. Azarkeşlər 1-2 ayda futbol üçün çox darıxıb. Dövlətlər, xalqlar, nəhayət,dərk etməlidi ki, mübarizə müharibələrdə top atəşləri ilə deyil, idmanda, yaşıl meydanlarda vurulan toplarla daha gözəldi. Ölkə futbolunda onsuz da "koronalı" viruslar çox idi, koronavirus da əlavə oldu. Tanrı futbolumuzla yanaşı, xalqımızı qorusun.
- Futbolçu, hakim, klub funksioneri, mütəxəssis... Elə isə, 2 ay futbolsuz qalan komandalara bərpa üçün nə qədər vaxt lazım olduğunu düşünürsüz?
- Məşqçilik yaddan çıxdı. 80-cı illərin sonlarında hakimlikdən öncə məşqçilik fəaliyyətim də olub... Futbolçular 2-3 həftə istirahətə buraxılandan sonra formalarını yenidən bərpa etmək üçün komandalar uzunmüddətli təlim-məşq toplanışları, yoldaşlıq görüşləri keçirir. Nəzərə alaq ki, söhbət aktiv istirahətdən gedir. İndi isə aylarla ev şəraiti və təcridolunmadı. Adi vaxtlarda belə, futbolçular artıq çəkiylə düşərgəyə qayıdırlar. Bu dəfə yeganə üstünlük psixoloji məqamdı, hamı futbol üçün darıxıb. Futbolçuların formasının zirvəsinə qayıtması üçün aylar lazım olacaq. Çempionatların bərpasından öncə geniş təlim-məşq toplanışlarının keçirilməsinə vaxt da yoxdu. Belədə futbolçuların zədə almaq ehtimalı çox yüksəkdi. Tam hazır olmayan futbolçular meydana çıxmaq məcburiyyətində qalacaqlar. Keyfiyyətli futbolu isə yeni mövsümdən görmək mümkün olacaq. İndi ancaq psixoloji ruh yüksəkliyi fonunda çempionatları bitirmək olar, o da ki pandemiya imkan versə.
- Sizcə, belə vəziyyətdə çempionatı başa vurmaq mümkün olacaq?
- Ən yaxşı durumda olan ölkə çempionatlarından biri Azərbaycandadı. Komanda sayı az, 8 tur qalıb, hər turda da cəmi 4 oyun. Uzaq səfərlər, nəqliyyat problemi yox, boş tribunalar önündə "Bakı birinciliyi"di. Ən az riskli vəziyyət bizdədi. UEFA da tövsiyəlirini verir, qərarlar qəbul edir. İdman prinsipləri mütləq qorunmalı və münasib durum yaranan kimi çempionat sona çatdırılmalıdı.
- Nazim Süleymanovun rəhbəri olduğu AFFA Həmkarlar İttifaqı ilə maraqlanırsız?
- Mediadan, sosial şəbəkələrdən izləyirik, müşahidə edirik. Futbolda fərqli fikirlərin olması normal haldı və belə də olmalıdı. "Birpartiyalı" sistem onsuz da ölkə futbolunu iflic vəziyyətə salıb.
- Həmin təşkilatın varlığına münasibətinizi bilmək maraqlıdı.
- Nazim Süleymanov Azərbaycan futbolunda gəlmiş-keçmiş ən güclü futbolçulardan biri olub, müstəqillik dönəmində Rusiyada Azərbaycanı layiqincə təmsil edib. Futbolda nəinki yad sima deyil, öndə olanlardan biridi. Futbolda olanlar sözünü deməsə, kim deməlidi?! Azərbaycan futbolunda açıq fikirlərini bildirənlər federasiya cavabdehləri tərəfindən düşmən obrazında görünürlər. Bu, kökündən yanlış yanaşmadı. Təşkilat, səhv etmirəmsə, rəsmi qeydiyyata da alınmayıb. Oxuduqlarımızdan bəlli olur ki, süni maneələr də yaradılır. Texniki məqamlar ola bilər, əsas ümumi futbola faydalı olmaqdı. Son 10-15 ildə futbola xalqın, dövlətin yüz milyonlarla vəsaiti xərclənib. Bunun qarşılığında ciddi nəticələr əldə edilməyib. Futbol uçuruma yuvarlandıqca cavabdehlər rahat həyatlarından, vəzifələrindən əl çəkmirlər. Belədə kimlərin doğru olub-olmadığı göz önündədi.
- Frits Stuxlikin varlığı Azərbaycan futboluna, hakimliyinə nə qazandırıb?
- Stuxliklə bağlı qəti fikirimi, mövqeyimi ilk gündə AFFA-da keçirilən geniş toplantıda bildirmişəm. O futbolumuzun ikinci Lippertidi. Onlar Azərbaycan futboluna heç nə verməyiblər, sadəcə, yaxşı qazanıblar, qazanmaqdadılar. Deyilənə görə, mövcud vəziyyətlə bağlı bəzi klublar da maaşların azaldılmasına hazırlaşılır.
Amma indiyə qədər Stuxlikin dollar-avrolardan imtina etdiyini eşitməmişik. Hələ ki Bakının mərkəzində, yaşadığı evdən Dənizkənarı parka baxıb feyziyab olmaqla məşğuldu. Nə kəramətdisə, assosiasiyaya cəlb edilən bəzi əcnəbi mütəxəssislər xüsusi "mənəviyyat" meyarlarına uyğun seçilir. Qadın hakimlərimizin Avropada saylarının azalması da yəqin qlobal nifrətdən irəli gəlir. Dilimizə hörmət etməyənlərə, milli mentallığımıza uyğun gəlməyənlərə Azərbaycanda yer olmamalıdı.
- Neftin qiymətinin düşməsi və vəziyyətin bu cür davam etməsi ehtimalı “Neftçi”nin büdcəsinə təsir edə bilər?
- Neftin qiymətinin düşməsi ümumilikdə ölkəyə, iqtisadiyyatımıza, əhalinin rifahına, təminatına ciddi təsir göstərəcək. "Neftçi"nin bəlli, sabit büdcəsi var. Təsir bütövlükdə futbola dəyə bilər. SOCAR tək "Neftçi"yə yox, federasiyaya və çempionatın əksər klublarına sponsorluq edir. Hətta "Qarabağ"ın himayədarları da neft sahəsinə bağlıdılar. Yeganə ümid növbəti Avrop çempionatının 4 oyununun Bakıda keçirilməsidi ki, belədə ölkə futbolu diqqətsiz qalmamalıdı. İqtisadiyyat yenidən özünə gələnə, neftin qiyməti sabitləşənə kimi pandemiyanın mənfi təsiri yaxın 1-2 ildə özünü göstərəcək.
HƏBİB