Bir aydan artıqdı ki, koronavirus epidemiyası üzündən bəzi ölkələr istisna olmaqla bütün dünyada futbol dayanıb. Amma tədricən vəziyyət yaxşılığa doğru dəyişir. Dünya futbolu yavaş-yavaş belə desək, ölü nöqtədən tərpənir. UEFA-ya üzv olan ölkələr qurumla məsləhətləşərək mövsümün qalan hissəsinin başa çatdırılması üçün öz təqvimlərini müəyyənləşdirirlər. Bu mənada xüsusilə bundesliqa seçilir. Almaniyada bəzi klubların bir müddət öncə sosial məsafə qaydalarına riayət etməklə məşqlərə başladığını xəbər vermişdik. Hər şey plan üzrə davam etsə, bundesliqa mayın 9-da qaldığı yerdən davam edəcək!
Bu məlumatı ictimaiyyətə Almaniya Klublar Birliyinin sədri və Almaniya Futbol İttifaqının vitse-prezidenti Kristian Zayfert çatdırıb. O qeyd edib ki, bundesliqa və 2-ci bundesliqada qalan 9 turu mayın 9-da başlayıb iyunun sonuna qədər bitirmək niyyətindədilər. Almaniyanın ünlü “Bild” nəşri isə bu planın başqa detallarını da açıqlayıb. Nəşrin yazdığına inansaq, oyunlar azarkeşsiz keçiriləcək. Oyun vaxtı stadiona maksimum 239 nəfər buraxılacaq! Bunlardan 122-si oyunçular, məşqçilər, həkimlər, oyunu kamerayla çəkənlər olacaq. Onlardan başqa 4 nəfər topdaşıyan, eləcə də mühafizəçilər və jurnalistlər də daxil olmaqla daha 139 nəfərin stadiona girişinə icazə veriləcək. UEFA-nın idarə heyətinin aprelin 23-də, yəni sabah baş tutacaq toplantısında almanların bu planı, eləcə də digər ölkələrin təqvimi nəzərdən keçiriləcək. Eyni zamanda UEFA mövsümü vaxtından tez başa vuraraq “Brügge”ni çempion elan edən Belçika Kral Futbol Assosiasiyasından və eyni üsuldan istifadə etməyə hazırlaşan Şotlandiya Futbol Assosiasiyasından bu qərarın səbəblərini sorusacaq. Belaruslulardan isə çempionatın dayandırılmamasıyla bağlı izahat tələb olunacaq. Sonda Avropanın bəzi ölkələrində futbolun yenidən davam etdiriləcəyi mümkün tarixləri diqqətinizə çatdırırıq.
Premyer-liqa: 8 iyun
Çempionşip: 16 may
Bundesliqa: 9 may
Liqa 1: 17 iyun
Portuqaliya çempionatı: 5 iyun
Avstriya çempionatı: 15 may
Yunanıstan çempionatı: 28 may