Sizin reklam burada

Hansı Ronaldo güclüdü: braziliyalı, yoxsa portuqaliyalı?

Title

Ötənlərin ünlü italiyalı forvardı Kristian Vyeri braziliyalı Ronaldoyla Kriştiano Ronaldonu müqayisə edib. Vaxtilə “sambaçı”yla birlikdə “İnter”də top qovan 46 yaşlı Vyeri bunları deyib: “Ronaldo mənim dostumdu. Bəxtim gətirib ki, hücumda onun kimi bir futbolçuyla tandem təşkil etmişəm. Onda hər şey var idi. Driblinq, cəldlik, güc, sürət… Bəzən mənə elə gəlirdi ki, top ayağında olanda o, rəqs etməyə başlayır. Mənim üçün braziliyalı portuqaliyalıdan güclü futbolçudu. Hərçənd etiraf etməliyəm ki, Kriştiano zirehli maşına bənzəyir. Onun uzun illər ərzində etdikləri insanı heyrətləndirir. Mənə elə gəlir ki, o ağzında siqaret də olsa, 40 yaşa qədər rahat oynaya bilər! Onun bədəni sanki heykəltəraş tərəfindən düzəldilmiş bir fiqurdu”.
Bu arada “yekədiş” ləqəbli braziliyalı Ronaldo özü də Kriştiano ilə tez-tez müqayisə olunmasından danışıb: “Həm oyun tərzimiz, həm də mövqelərimiz fərqlidi. Düzdü Kriştiano da indi demək olar, hücumçu mövqeyində çıxış edir. Amma qol vurmaq tərzlərimiz fərqlidi. Hərçənd oxşar cəhətimiz də var. İkimiz də qol vurmaq üçün alışıb-yanırıq. Onun öz bədəninə və fiziki durumuna yanaşma tərzi, sadəcə, inanılmazdı. Heç də hər futbolçu onun kimi öz qeydinə qalmır. Futbola yanaşma tərzimizin kökündən fərqləndiyini deməzdim. Amma fərqlər az deyil. Mən məcbur olduğum üçün məşq edirdimsə, Kriştiano bunu çox xoşladığı üçün edir. Bəlkə də insanlar məni “həqiqi Ronaldo” adlandıranda bu, Kriştianonun xoşuna gəlmir. Amma bu şəkildə müqayisənin düzgün olmadığını düşünürəm. Hərəmizin öz yeri var. İstənilən halda o, qolları və sabit oyunuyla artıq adını futbol tarixinə yazdırıb. Ronaldo da Messi və bir sıra başqa oyunçular kimi futbol tarixinin ən yaxşılarından biri kimi yaddaşlarda qalacaq”.
Qeyd edək ki, braziliyalı Ronaldoyla Kriştiano heç vaxt rəsmi matçda bir birinə rəqib olmayıb. Onların yolu yalnız bir dəfə - 2005-ci ildə Luiş Fiqonun təşkil etdiyi xeyriyyə matçında kəsişib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.