Aslan Şahgəldiyev: “Bu, karantin rejiminin mütləq mayın 4-də bitəcəyi demək deyil”
Ölkə ərazisini əhatə edən xüsusi karantin rejiminin vaxtı uzadıldı. Karantinin başa çatma tarixi 20 aprel kimi göstərilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargah dünən təhlükənin tam səngimədiyini əsas gətirib, insanları daha iki həftə evdə qalmağa məcbur etdi. Yəni mayın 4-nə kimi.
Belə baxanda koronavirus təhlükəsi ötən ayla müqayisədə xeyli azalıb. Sağalanların sayındakı rəqəmlər və pandemiyaya yoluxanların, eləcə də dünyasının dəyişənlərin sayındakı kəskin azalma gələcəyə ümidlər baxmağa əsas verir. Artıq indidən əminliklə mayın 4-dən sonra həyatın əvvəlki axarına qayıdacağını deyə bilərik. Təbii ki, bəşəriyyəti yaradan məsləhət bilsə...
Bu isə o deməkdi ki, futbolsuz günlərimiz də sona yaxınlaşır. Mayın 4-də orta və ali təhsil müəssisələrinin də fəaliyyətini bərpa edəcəyinə dair qərar varsa, ümidlənməkdə tam haqlıyıq. Deməli, PFL rəhbərliyi də artıq indidən əməli tədbirlərə başlamalıdı.
Klub rəsmiləri ilə videokonfrans təşkil edilməli, baş məşqçilərin hazırlıq nərhələsinə nə qədər vaxt istəmələri və qarşıdakı iki ayla bağlı konkret plan hazırlanmalıdı. Məsələn, elita təmsilçiləri mayın 5-dən, lap deyək 10-dan hazırlığa start versələr, mayın 20-25-nə qədər başa çatdıra bilərlər. Çempionatı keçirən qurum da 8 tura və ölkə kubokuna uyğun təqvim hazırlamalıdı. Qısası, hər şey düşündüyümüz kimi olsa, uzağı iyunun sonuna qədər mövsümü yekunlaşdırmaq olar.
Məsələ ilə bağlı PFL-in mövqeyini öyrənmək maraqlı olardı. Hər halda, Operativ Qərargahın son qərarının ölkə çempionatını təşkil edən quruma da hansısa mənada təsir edəcəyini düşünürdük. Lakin qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayanda məlum oldu ki, dəyişən və yenilənən heç nə yoxdu. Belə deyək, dedikləri 5 gün əvvəl söylədiklərindın fərqlənmədi: “Son qərardan, təbii ki, xəbərdarıq. Lakin bu, karantin rejiminin mütləq mayın 4-də bitəcəyi demək deyil. Mövcud vəziyyətlə bağlı vaxt uzadıla da bilər. Əlbəttə, biz də dediyiniz kimi olmasını arzulayırıq ki, ən qısa zamanda həyat və futbol əvvəlki axarına qayıtsın. Operativ Qərargahın mayın 4-dən sonrakı durumla bağlı hansı qərar qəbul edəcəyini bilmirik. Ona görə də indidən nəsə demək çətindi. PFL-in çempionatın bərpası ilə qərarı Operativ Qərargahın karantin rejimi ilə bağlı yekun qərarından asılıdı.
Bir dəfə demişdim, yenə qeyd edirəm, AFFA, PFL və klub rəhbərləri daim əlaqədədilər. Verilən qərarları öz aralarında müzakirə edirlər, fikir bildirirlər. Bu gün komandalara hazırlıq üçün konkret nə qədər vaxtın lazım olacağını bilmirik. Hələ baş məşqçilərin fikri öyrənilməyib. Karantin rejimi aradan qaldırılan kimi bu məsələ danışılacaq və qərar qəbul olunacaq. Çünki baş məşqçilərin hazırlıqla bağlı istədiyi vaxt futbolçuların hansı müddətdə futbolsuz qalmasından asılı olacaq”.
HƏBİB