Sizin reklam burada

“Dibala ilə Ronaldo yaxşı və təvazökar insanlardı”

Title

Qısa müddət ərzində ulduzu parlayan Türkiyə yığmasının və “Yuventus”un müdafiəçisi Merih Dəmiral “Fourfourtwo” jurnalının Türkiyə versiyasına müsahibə verib. Yanvarın əvvəllərində “Yuve”nin heyətində “Roma”ya qarşı oyunda diz bağları qopan və 6-7 aylığa sıradan çıxan 22 yaşlı futbolçu karantindəki günləri, zədəsi və komandanın ulduzlarıyla münasibətlərindən danışıb: “Koronavirus hər kəsin planlarını alt-üst etdi və alışqanlıqlarımızı dəyişməyimizə səbəb oldu. Amma şəxsən mən bədbinliyə qapılmamağa çalışıram. Çünki keçmişdə insanlıq həmişə belə problemlərin öhdəsindən gəlib və bu dəfə də gələcək. Çalışmalıyıq ki, bu dönəmi özümüzə faydalı olacaq bir şəkildə keçirək. Evdə idman edə, kinoya baxa, yeni dil və ya maraqlı bir hekayə öyrənə bilərik. Məsələn, bir neçə gün öncə 12 yaşında futbol oynayarkən aldığı zədədən sonra kor olan və musiqi dünyasına yolu açılan ünlü tenor Andrea Boçellinin Milanda internetdən verdiyi konsertə canlı yayında baxdım. Zədələndiyim müddətdə millətimin mənə verdiyi dəstəyi gördüm. Mən də bu çətin dönəmdə əlimdən gələn qədər ehtiyacı olanlara yardım etməyə çalışıram. Bizim birlikdə gözəl günlərimiz hələ qarşıdadı. Hər şeyə rəğmən, ümidimizi itirməməliyik. Karantində günüm necə keçir? Hər gün səhər tezdən durub qəhvəaltı etdikdən sonra klub tərəfindən mənə verilən bərpa prosesini həyata keçirirəm. Bu rutin proses hər gün ən azı 3-4 saatımı alır. Ardından istirahət edirəm. İstirahətdə ya “pleysteyşn” oynayıram, ya da sənədli və bədii filmlərə baxıram. Kobi Brayanta aid bir sənədli filmə baxdım və çox xoşuma gəldi. “İInterstellar” filmi də mənə yaxşı mənada təsir göstərdi. “Yuventus”da hamıyla münasibətlərim yaxşıdı. Ən yaxşı anlaşdığım oyunçuların başında Dibala və Ronaldo gəlir. İkisi də çox yaxşı və təvazökar insanlardı. Kriştiano məğlub olmağı sevməyən, amma bununla yanaşı, məğlubiyyətin və ya qələbənin düzgün insan olmaqdan önəmli olmadığını bilən adamdı. Adi həyatda çox pozitiv və zarafatcıl insandı. Elə insandı ki, onun varlığı belə səni yeni səviyyəyə qaldırır. Dibala ilə isə komandaya qoşulduğum ilk gündən söhbətimizin və xasiyyətimizin tutduğunu gördüm. Həmişə mənimlə yaxından maraqlanır. Əla münasibətlərimiz var. Tez-tez zarafatlaşırıq və hətta ona “ən güclü argentinalı sənsən” deyirəm. Top ayağında olanda sanki bir sehrbaza çevrilir. Bəzən məşqdə onun qarşısını kəsməkdə çətinlik çəkirəm. Təbii ki, meydanda olub komandaya yardım etmək daha çox xoşuma gəlir. Amma zədələndikdən sonra qoltuğaltı əsa ilə də olsa, tribunaya gedib komanda yoldaşlarıma dəstək verməyə çalışdım. Həkimim durumumla yaxından maraqlanır. Şükürlər olsun ki, artıq özüm gəzə bilirəm. Əsalardan qurtulmuşam. Mümkün qədər tez qayıtmaq arzusu məni motivasiyandırır”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.