Sizin reklam burada

“Bilsəm ki, 600 manatımız imkansız ailələrə xərclənəcək, yenə oynayarıq ki, cərimələsinlər”

Title

Futbol oynadığına görə cərimələnən İlkin “Futbol+”ə danışdı
Dünən Lənkəranda qəribə, bir o qədər də maraqlı hadisə baş verib. Belə ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyən 6 nəfər şəxs Lənkəran Şəhər Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
İşin qəribə görünən tərəfi nədi? Deməli, gənclər futbol sevgisinin “odunda yanıblar”. Belə ki, Lənkəran sakinləri 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozublar və Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.
Qəzetimizin Lənkərandakı dostlarının yardımı ilə kiçik araşdırma apardıqdan sonra məlum oldu ki, tutulanlardan biri “Xəzər Lənkəran”ın çılğın azarkeşlərindəndi. 2004-cü ildə komanda yaranandan dağılan günə qədər stadionun yolunda “təpik döyən” İlkin Məmmədovla aktual mövzu ətrafında danışmaq əsas məqsəd olsa da, müsahibəyə “Xəzər Lənkəran”lı günlərdən başladıq.
- “Xəzər Lənkəran”sız günlər necə keçir?
- Çox pis, qardaş, çox pis. Biz “Xəzər Lənkəran”la yaşayırdıq. Bilirdik ki, həftənin, ya ayın filan günü komandamız filan stadionda oynayacaq. Oturub səbirsizliklə həmin saatı gözləyirdik. “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunu ərəfəsində xüsusi papaq tikdirmişdim, bir tərəfi yaşıl, bir tərəfi ağ. Əsl fanat kimi həmişə başımda gəzdirərdim.
- Nə vaxtdan azarkeşlik edirsən?
- Mübariz Mənsimov o komandaya nəfəs verən gündən – 2004-cü ildən. İlk gündən sona qədər komandanın yanında olmuşam.
- Niyə bu “Xəzər Lənkəran” yoxdu?
- Yəqin ki bir səbəbi var. Mübariz Mənsiovu gözləri götürməməzlikdən, “Xəzər Lənkəran”ın çempionata rəng qatmasından, Allah bilir, nəyə görə belə oldu. Nə olur-olsun, bu komanda yaşamalıydı. “Xəzər Lənkəran” qayıtsın, yenə stadionu dolduracağımıza söz verirəm.
- Nə vaxtsa qayıdar ki?
- Hələ də ümid edirəm. Allah Mübariz Mənsimovun qapısını açsın, inşallah. Əhd eləmişəm, Mübariz müəllim ordan çıxan gün qurban kəsəcəm.
- Mübariz bəyin açıqlamalarından “Xəzər Lənkəran”ın bir də ölkə futbolunda olmayacağı qoxusu gəlirdi.
- Yox-yox, inşallah, qayıdacaq.
- Stadion tərəfə yolun düşür?
- Əlbəttə. Demək olar, hər gün ordan keçirəm. Stadiona tərəf baxanda ürəyim dağa dönür. Adama elə pis təsir edir ki. Əzəmətli stadionumuz susub sanki. Bu gün koronavirusa görə həyat necə dayanıbsa, futbolsuzluğa görə də “Fırtınalar meydanı” susub. İçəri girə bilməsəm də, kənardan keçəndə görürəm, boş qalmış oturacaqlara baxıb təəssüflənirəm.
- Çempionatı izləyirsən?
- Yalan danışmaqla aram yoxdu. “Xəzər Lənkəran” gedən gündən çempionata baxmıram, maraqlanmıram. “Xəzər Lənkəran” olmayandan sonra çempionat nəyimə lazımdı? Mənə “Xəzər Lənkəran”dan başqası lazım deyil. Udurdu, ya da uduzurdu – fərq etmirdi. Əsas olan ağ-yaşıl formalı futbolçuların meydana ayaq basması, sinəsində klubun emblemini daşıması idi.
- Dünən polis tərəfindən cərimələnməyin də futbol sevgisinə görə oldu, yoxsa evdə oturmaqdan bezdiz?
- Qardaş, bezmək söhbəti deyil. Biz futbolsuz qala bilmirik. Ağlımız kəsəndən həmişə futbol oynamışıq, bu dəfə də oynadıq. Yanımızdan bir ağsaqqal keçirdi, bizə “ay bala, karantindi” dedi, biz ona fikir vermədən futbolumuzu oynadıq.
- 8103-ə mesaj göndərmişdiz?
- Ordakı 6 nəfərin heç biri yad deyil, əmioğlanlarıyıq. Aramızdan bir nəfər SMS göndərmişdi ki, bazara gedib top alsın. O da gedib-gəlməyə vaxt itirmişdi deyə, futbol oynayanda həmin 2 saat bitmişdi.
- 100 manata görə peşmanlıq hissi keçirdiz?
- Xeyr, qətiyyən. Futbol oynamağa görə cərimələnmişik də, başqa şeyə görə yox ki. Bilsəm ki, 600 manatımız imkansız ailələrə xərclənəcək, yenə oynayarıq ki, cərimələsinlər. Dövlət qərar çıxarıb ki, bir müddət evdə olmalıyıq. Eybi yox, karantin rejimi qurtarsın, futbolumuza davam edərik.
- Cəriməni ödədiz?
- Hələ ödəməmişik. Çek gəlsin, ödəyəcəyik, heç bir problem yoxdu. Sizə bir söz deyim. Əslində biz başqa yerdə tutulmamışıq. Futbolu qapımızın qabağında, yəni öz məhəlləmizdə oynamışıq. Bir var hansısa stadiona gedək, hardasa toplaşaq, bir də var, qonşu əmioğlanları ilə qapımızın qabağında oynamışıq, öz məhəlləmizdə.
- Amma 8103-ə mesaj göndərməmisiz.
- Göndərsəydik, bəlkə də cərimə olmayacaqdı. Sizə bir söz də deyim. Bir var, cinayətkarı iş başında tutmaq, bir də var, üstündən 2 gün keçəndən sonra. Biz futbol oynayanda heç kim bizə yaxınlaşmadı. Oynayıb qurtardıq, dağılışdıq. Yarım saatdan sonra sahə müvəkkili gəldi ki, bəs bayaq burda futbol oynamısız. Kişiyik də, boynumuzdan atmayacaqdıq ki. Dedik, bəli, oynamışıq. Bizi bölməyə apardı ki, təlimatlandıracaq, ora çatan kimi cərimə yazdılar. Eybi yox, problem deyil. İnşallah, çətin günlər keçər, yenə futbolumuza davam edərik, “Xəzər Lənkəran”da Azərbaycan futboluna qayıtmaqla bizləri sevindirər.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.