Uzun illər İngiltərədə top qovmuş Nigeriya yığmasının sabiq üzvü Dikson Etuhu danışılmış oyuna cəhd etdiyi üçün qarşıdakı 5 il ərzində futbolla bağlı heç bir fəaliyyətlə məşğul ola bilməyəcək. Bu qərarı İsveç Futbol Federasiyası qəbul edib.
Məsələ burasındadı ki, 37 yaşlı Etuhu 2017-ci ildə İsveçin həvəskar “Rössyöholm” klubunun şərəfini qoruyarkən AİK – “Höteborq” matçının nəticəsinə təsir göstərmək istəyib. O, 2015-16-cı illəri Solna təmsilçisində keçirdiyindən bu klubun oyunçularını gözəl tanıyırdı. Etuhu isveçli futbolçu Alban Yusufiylə birləşərək AIK-in qapıçısı Kiriakos Stamatoluposa pul təklif etmişdi. Yunanəsilli kanadalı qapıçı 2 milyon İsveç frankı (160 min funt sterlinq) qarşılığında “Höteborq”la oyunu bilərəkdən zəif keçirməli idi. Amma Stamatolupos nəinki təklifi geri çevirmiş, hətta bu məlumatı federasiya rəsmilərinə də bildirmişdi. Nəticədə həmin oyun bir neçə günlüyə təxirə salınmış və yerli federasiya məsələni araşdırmağa başlamışdı. Araşdırmalardan sonra federasiya Etuhuya həm şərti, həm də para cəzası vermişdi. Göründüyü kimi, hadisənin üstündən 3 il keçdikdən sonra yerli federasiya cəzanı bir qədər də sərtləşdirmək qərarına gəlib. Etuhuyla Yusufi 2025-ci ilin aprelinə qədər heç bir futbol fəaliyyətiylə məşğul ola bilməyəcək. Sabiq futbolçunun vəkilləri artıq bu qərardan apellyasiya verib. Qeyd edək ki, Nigeriya yığmasında 2007-11-ci illərdə 33 oyun keçirmiş və DÇ-2010-un iştirakçısı olmuş Etuhu İngiltərədə “Norviç”, “Sanderlend”, “Fulhem”, “Blekbern” kimi klubların şərəfini qoruyub. Karyerasını bitirdikdən sonra o, futbol meneceri kimi fəaliyyət göstərirdi.