Koronavirus pandemiyası həyatın bütün sahələrinə, o cümlədən idmana mənfi təsirini göstərməkdədi. Dünyanın əksər ölkələrində idman yarışları təxirə salınıb. Bu siyahiya Tokio Yay Olimpiya və Paralimpiya Oyunları başçılıq edir. Ölkəmizin də evsahibliyi etməli olduğu turnirlər təxirə salınıb.
Martın 14-dən Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin, digər idman müəssisəsi və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan millət vəkili Müşfiq Cəfərov bunun koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, həmçinin vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə atılan addım olduğunu vurğulayıb. “Kəpəz”in Müşahidə Şurasının üzvü klubun mətbuatına xidmətinə açıqlamasında belə deyib: “Vətəndaşları xəstəlikdən qorumaq üçün dövlətimiz lazım olan bütün addımları artır. İdman sahəsində də bu addımlar atılır. Vətəndaşlarımızın sağlamlığı ön plandadı. İdman qurğularının bağlanması da onları qorumaq üçün verilən qərardı. İndi qalır idmançıların qaydalara riayət etməsi. Hesab edirəm ki, edirlər də”.
Müşfiq Cəfərov çempionatların dayandırılması ilə komandaların məşqsiz qalmasına da münasibət bildirib: “Futbolçular formada qalmaq üçün hansısa şəkildə bunu edirlər. Baxıram ki, evdə hazırlaşırlar. Düzdü, futbol komanda oyunudu, məşqlər kollektiv olmalıdı. Amma hazırkı vəziyyətdə bir yerə yığışmaq mümkün deyil. Oyunçular məşqçilərin tapşırıqlarına uyğun evdə fərdi qaydada müəyyən qədər fiziki göstəricilərini qorusalar, sonradan çətinliklə üzləşməzlər”.