Bugünlərdə ünlü “fourfourtwo” jurnalının rəsmi saytında maraqlı bir siyahı tərtib olunub. Siyahı futbolda XXI əsrdə yaşanmış ən böyük mübahisə və intriqalara aiddi. Ümumilikdə bu əsrin futboluna damğa vurmuş 50 qalmaqal müəyyənləşdirilib. “Mançester Siti”nin “maliyyə feyr-pleyi” üzündən UEFA ilə yaşadığı problem və avrokuboklardan kənarlaşdırılması 44-cü pilləyə yerləşdirilib. Ünlü menecer Mino Rayolanın “Mançester Yunayted”lə yaşadığı problem 42-ci, yenə də “qırmızı şeytanlar”da fransalı yarımmüdafiəçi Pol Poqbayla klubun sabiq çalışdırıcısı Joze Mourinyo arasında yaşananlar 35-ci pillədə qərarlaşıb. 30-cu pillədə Qaret Beyl ilə “Real” arasında baş verən insident, 28-ci pillədə premyer-liqada VAR-ın işləmə mexanizmindən narazı qalan futbolsevərlər qərarlaşıb. Siyahının müəllifləri yaxın keçmişdə “Çelsi”də Con Terrinin komanda yoldaşı Ueyn Bricin sevgilisiylə eşq macərası yaşamasını 19-cu, Zlatan Ibrahimoviçin “Barselona”da ikən Xosep Qvardiolayla yaşadıqlarını 14-cü pilləyə qoyublar. İlk “10-luğ”a gəlincə, maraqlıdı ki, burda “Yunayted”in sabiq kapitanı Roy Kinlə “Arsenal”ın sabiq fransalı baş məşqçisi Arsen Vengerin adına iki dəfə rast gəlmək olar. Sonda ilk “10-luğ”u sizə təqdim edirik.
10. Fransa yığmasında Didye Deşamla Kərim Benzema arasında yaşananlar.
9. Arsen Venger - Joze Mourinyo ədavəti.
8. «Nyukasl»la klub prezidenti Mayk Eşli arasında yaşananlar.
7. Roy Kinlə Patrik Vieyra arasındakı intriqa.
6. Lotar Matteusla Ştefan Effenberq arasındakı ədavət.
5. Fransa yığmasında Raymon Domeneklə Nikolya Anelka arasında yaşananlar.
4. DÇ-2002 ərəfəsində İrlandiya yığmasında Mik Makkartiylə Roy Kin arasında yaşananlar.
3. Vanda Nara üzündən Maksi Lopes ilə Mauro İkardi arasında yaşananlar.
2. Zinəddin Zidanın Marko Materatsiyə kəllə atması.
1. Arsen Venger - Aleks Ferqyuson ədavəti.