Azərbaycan ağır atletikasına itki üz verib. Əməkdar məşqçi, Prezident təqaüdçüsü Yuri Ryabov 81 yaşında dünyasını dəyişib. Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) veteran mütəxəssisin ölümündən kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Azərbaycan ağır atletikasının inkişafında, Olimpiya hərəkatında, yüksək dərəcəli idmançıların hazırlanmasında 50 ildən çox səmərəli fəaliyyət göstərən Ryabov 1939-cu il mayın 25-də anadan olub. SSRİ fəxri idman ustası, beynəlxalq və ümumittifaq dərəcəli hakim, Azərbaycanın Əməkdar məşqçisi və Prezident təqaüdçüsü olmuş mütəxəssis idmançı kimi beynəlxalq və ümumittifaq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyub. 1961-74-cü illərdə yığmanın lideri olub. 13 qat Azərbaycan çempionu olmaqla yanaşı, 70-dən çox rekordun müəllifidi. Beynəlxalq Ağır Atletika Federasiyasının ‘’500’’- lər klubunun üzvü olub.
1974 və 1983-cü ildə yığmanın böyük məşqçisi vəzifəsində işləyib. 1979-82-ci illərdə SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı ilə Monqolustanın ağır atletika yığmasında məsləhətçi-məşqçi vəzifəsində çalışıb. Monqolustan millisi beynəlxalq yarışlarda və 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazandığına görə Monqolustanın “Əməkdar idman xadimi” adına layiq görülüb. Bundan başqa, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsinə görə əcnəbi mütəxəssislər arasında “1980-ci il Sosialist yarışının qalibi” fəxri nişanı ilə təltif olunub. 1987-92-ci illərdə Azərbaycan Respublikası Bədən Tərbiyəsi və idman Komitəsinin aparıcı mütəxəssisi və ağır atletika üzrə dövlət məşqçisi vəzifəsində çalışıb. 1997-ci ilin iyun-iyul aylarında Milli Olimpiya Komitəsinə prezident seçkisi zamanı seçki qərargahının məsul katibi olub. 1997-2009-cu illər aralığında Milli Olimpiya Komitəsində baş mütəxəssis və baş müşavir vəzifələrində çalışıb. Son illərdə Azərbaycan Milli Antidopinq Agentliyində apellyasiya komissiyasının üzvü olub. Azərbaycan və Rusiya xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsində və inkişafında şəxsi töhfəsinə görə Rusiya Federasiyası tərəfindən diplom və xatirə saatı ilə mükafatlandırılıb. 2015-ci il Bakıda keçirilən 1-ci Avropa Oyunlarının məşəlini daşıyanlar sırasında olub.