Sizin reklam burada

Hakimlər pulsuz qalmayacaq: dövlət başladı, AFFA davamını gətirəcək

Baxış Sayı:521

Hakimlər pulsuz qalmayacaq: dövlət başladı, AFFA davamını gətirəcək
Elçin Məmmədov: “Onlayn dərslərdə Stuxliklə Vassaras da iştirak edir”
Futbolsuz qaldığımız dönəmdə ən çox çətinlik çəkən bəlkə də hakimlərdi. Fiziki və praktiki məşqlərdən uzaq düşən ədalət təmsilçiləri həm də pulsuzluqdan əziyyət çəkir. Axı, onların da qazancı bizimki kimi qonorardan çıxır.
Lakin bir müddət əvvəl mətbuata danışan Rəhim Həsənov maddiyyatdan söz düşəndə, AFFA-nı nişan verməklə “torbada pişiyin olmasına” işarə vurmuşdu. Beynəlxalq dərəcəli hakim, Hakim və Hakim-İnspektorlar Komitəsinin üzvü Elçin Məmmədovla söhbətimiz sırf bu mövzuda olmasa da, hakimliyin hazırkı durumu ilə bağlı ümumi danışıqda referilərin dolanışığından da söz açdıq.
- Futbolsuz günlər necə keçir?
- Ölkə rəhbərliyinin verdiyi qərarlara hörmətlə yanaşır və riayət edirik. Qoyulan qadağaya əməl etməklə evdə qalmaq tapşırığını yerinə yetirməkdəyik. Əlbəttə, həmişə idmqnın içində olan insanlar üçün futbolsuz qalmaq olduqca çətindi. Amma belə həssas dönəmdə vacib olan xalqımızın canının sağlamlığıdı. Bu gün cənab Prezident vətəndaşları qorumaq üçün səy göstərirsə, biz daha artığını etməliyik.
- Hakimlikdə vəziyyət necədi?
- Təfərrüata keçməmiş fürsətdən istifadə edib hakimlərin inkişafına xüsusi diqqət göstərən, şərait yaradan AFFA rəhbərliyinə, icraçı vitse-prezident Elxan Məmmədova təşəkkür etmək istəyirəm. Elxan bəy hakimlərin məqsədyönlü inkişafı üçün bizi lazım olan proqramlarla, müasir avadanlıqlarla təmin edib. Və həmin avadanlıqların, “zum” proqramın sayəsində evdə oturmaqla dərs keçir, nəzəri olaraq işlərimizi tənzimləyirik. Bununla yanaşı, komitə bütün hakimlərə fiziki hazırlıq proqramı verib ki, həmin proqramla fiziki durumu qaydasında saxlamaq mümkündü. Qısası, boş dayanmırıq, üzbəüz olmasa da, məşqlərimiz, çalışmalarımız davam edir.
- Effekt verəcək?
- Bu gün “biz birlikdə güclüyük” şüarı ölkəmizi əhatə etməkdədi. Düşünürəm ki, biz də idman ailəsi olaraq “biz birlikdə güclüyük” aksiyasının effektini görəcəyik.
- Çempionatın bərpası ərəfəsində hakimlərin fiziki durumunu tam qaydaya salmaq üçün nə etmək fikrindəsiz? Məsələn, premyer-liqa təmsilçiləri futbolçuların “fizika”sını tənzimləmək üçün 2-3 həftə vaxt istəyəcək.
- Gəncləşdirmə siyasətinə illər öncə başlasaq da, indi-indi bunun nəticəsini görməkdəyik. Hakimlərin yaş ortalamasının aşağı düşməsi gələcəyə nikbin baxmağa əsas verir. Bu gün Avropada yaş baxımından ən gənc hakimlər Azərbaycandadı. İnsan nə qədər cavandısa, fiziki durumu bir o qədər ürəkaçan olur. Azərbaycan hakimliyində ortalama yaş həddi 32-dən də aşağıdı. Ona görə də qısa zamanda bərpa olunmaları çətinlik yaratmayacaq. Üstəlik, indinin özündə də hər biri məşq edir.
- Bakıda, yaxud Mingəçevirdə təlim-məşq toplanışı gözlənilmir?
- Bu suala dolğun cavabı mən yox, komitə sədri Frits Stuxlik verə bilər. Mən futzal barədə danışa bilərəm. AFFA rəhbərliyi məşq və dərs proqramları üçün hər cür şərait yaradıb: gündəlik meydançalar, dərs otaqları, hovuz, bərpa sistemi, sauna, trenajor – sadaladıqlarımın hamısı ixtiyarımıza verilib. Çempionatın bərpasına 3-5 gün qalmış bu şəraitdən istifadə etməklə boşluqları doldura bilərik.
- Az öncə dediyiniz onlayn dərslər yalnız futzal hakimləri üçün nəzərdə tutulub?
- Xeyr-xeyr. Həm böyük futbolu, həm də futzalı əhatə edir. Onlayn dərslərdə Frits Stuxliklə Kiros Vassaras da iştirak edir. O cümlədən Vüsal Əliyev. Yeri gəlmişkən, onlayn dərslərlə yanaşı, onlayn testlər də edirik. Əslində bu proqram əvvəldən var idi. Sadəcə, təkmilləşmək üçün müəyyən vaxta ehtiyac vardı. FİFA-nın tövsiyəsi əsasında onlayn testləri xüsusi proqram sayəsində hakimlərin elektron poçtuna yollayırıq. Müəyyən vaxt verilir ki, həmin müddətdə suallar cavablandırılmalıdı. Daha sonra cavabların təhlilini aparırıq.
- “Qonorar almırıq, amma AFFA bizə dəstək olur” – Rəhim Həsənov mətbuata açıqlamasında deyib. Maraqlıdı, dəstək hansı formada olur? Bütün hakimlərə şamil olunur, yoxsa yalnız ölkəmizi beynəlxalq arenada təmsil edənlərə?
- Bu gün bütün hakimlər qanunvericilikdə nəzərdə tutulan xidməti müqavilələrlə işə götürülür və işləyir. Odu ki, hər birinin VÖİN-i var. Hər bir hakim mikrofərdi sahibkar statusuna sahibdi deyə, vergiləri, sosial müavinətləri vaxtı-vaxtında dövlət fonduna ödəyirlər. Belə olduğu halda çətin günlərdə dövlət tərəfindən dəstək görürlər. Artıq dövlət tərəfindən hakimlərin hesabına pul köçürmələrinə başlanıb. Eyni zamanda həmişə hakimlərin arxasında duran AFFA rəhbərliyi də müəyyən qədər təzminat ödəyəcək. Qısası, heç bir hakim pulsuz qalmayacaq. Hakimlikdən öncə onların hər biri Azərbaycan vətəndaşıdı və hər zaman ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməyə çalışırlar. Bu yerdə yenə ölkə və AFFA rəhbərliyinə bütün hakimlərin adından xüsusi minnətdarlıq bildirmək istəyirəm.
- Əlinizə kifayət qədər boş vaxt düşüb. Bu müddətdə geridə qalan 20 tura nəzər salıb hakimlərin səhvlərini təhlil edir, yenidən diqqətlərinə çatdırırsız? Yoxsa məqsəd gələcəyə boylanmaqdı?
- Keçmişi araşdırmadan gələcəyə doğru addım atmaq mümkün deyil. Hər kəs üzərinə düşəni etməyə çalışır. Vüsal Əliyev hakim-inspektorlarla işləyir, Frits Stuxliklə Kiros Vassaras premyer-liqa hakimləri ilə, mən isə futzalla. Az öncə qeyd etdiyim müasir avadanlıqların sayəsində geridə qalan oyunları çox rahat şəkildə izləyir və daxili kodlar hesabına səhvləri avtomatik görə bilirik.
- 2002-dəki məcburi dayanma yəqin ki yadınızdadı.
- Əlbəttə. “Xəzər Universiteti”nin qapısına təyin olunan penaltini Tərlan Əhmədov qola çevirəndən sonra “inqilab” başladı. Futbol klublarının böyük əksəriyyəti AFFA-nın rəhmətlik prezidenti Fuad Musayevi istefaya səsləyirdilər. Elə həmin dönəmdə Azərbaycan futzalı zirvə nöqtəsinə çatmışdı. Bütün futbolçular futzala üz tutmuşdu deyə, inanılmaz dərəcədə maraq və rəqabət yaranmışdı. “Qaymaqlar”ın böyük əksəriyyəti futzalda idi – Mirbağır İsayev, Bəxtiyar Musayev, Ceyhun Sultanov, Zaur Ramazanov, Seyidağa Babayev, Camal Məmmədov... Bundan həm futzalımız qazanmışdı, həm də texniki imkanlarını bir az da artıran futbolçular. Yadımdadı, yaxşı yadımdadı.
- O dönəmdə siz neynirdiz?
- Hakimlik edirdim (gülür). “İnqilab”a qədər böyük futbolda köməkçi idim, fasilədə yenidən futzalda hakimlik etdim. O vaxt hakimlər iki cəbhəyə bölünmüşdü: yarısı AFFA-nın bayrağı altında keçirilən yarışlarda fit çalırdı, bir qismi də kənarda keçirilən yarışlarda.
- O dönəm daha sıxıcı və darıxdırıcı idi, yoxsa indiki?
- Təbii ki, indiki. O vaxt idman prinsipləri pozulsa, çempionat yarımçıq dayansa da, həyat davam edirdi. İndi isə hər birimiz ölümlə üz-üzə dayanmışıq. Hər gün ölənlərin və xəstəlikdən əziyyət çəkənlərin sayını görəndə həyat daha darıxdırıcı olur. Görünən düşmənlə vuruşmaq daha asandı, nəinki görünməyən düşmənlə. Yenə də ölkə rəhbərliyinin, cənab Prezidentin sayəsində, onların düzgün addımları nəticəsində hələ ki pandemiyanı minimal sayda itkilərlə keçməkdəyik.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR