SSRİ-də anadan olsa da, 1972-ci ildə Niderlanda köçən Gennadi Sosonko şahmat dünyasında yetərincə tanınmış simadı. Vaxtilə planetin ən güclü 20 şahmatçısı siyahısında yer alan, superturnirlərin qalibi olan mütəxəssis son illər əsasən şərhçiliklə məşğuldu. Rusiya mətbuatına geniş müsahibə verən Sosonko FIDE ilə Teymur Rəcəbov arasında İddiaçılar turniriylə bağlı yaranan məlum qalmaqala da toxunub: “Dünya ölkələri təhlükəyə qarşı qəti addımlar atdığı bir vaxtda FIDE özünü heç nə baş verməyibmiş kimi apardı. Halbuki insan sağlamlığını nəzərə alıb, yarışı təxirə salmalıydılar. Həmin vaxt təkcə idman yox, bütün vacib tədbirlər arxa plana atılmışdı. FIDE isə fərqli davrandı. Nəticədə öncə Rəcəbov, bir qədər sonra isə Van Hao ilə bağlı problemlər yarandı. Amma FIDE tərslik etdi. Vaxtında yarışı təxirə salsaydılar, hamı bu qərarı anlayışla qarşılayacaqdı. Əlbəttə, “üzürlü sayın” demək çətindi. Bu, FIDE-nin rəhbər postlarında əyləşən şəxslərin təmsil etdikləri ölkələr üçün spesifik hal deyil. Siz heç Putinin 20 illik hakimiyyəti dövründə “üzürlü sayın” dediyini xatırlayırsız? Bu ritorik sualdı. Onlara görə “üzürlü sayın” demək zəiflik əlamətidi. FIDE rəhbərliyi üzr istəməyib, heç olmasa, “çox təəssüf edirik, belə alındı, amma biz sizinləyik” desəydi... Bunun əvəzinə onların tərsliyi, Rəcəbovla bağlı məsələdə yersiz inadkarlığı, uşaq hərəkəti təəssüf doğurdu. İndi isə belə deyirlər: “biz turniri başlayanda belə olacağını təxmin etmirdik”.
76 yaşlı mütəxəssis çıxış yolu haqda bunları söyləyib: “Rəcəbov haqqını tələb etsə, FIDE öz mövqeyini müdafiə etməli olacaq. Bunun üçün isə savadlı vəkillər lazımdı. Özü də bəziləri Teymurun şansının yetərincə yüksək olduğunu iddia edir. Mən özümü bu qrupa aid etmirəm. Amma çox istərdim ki, tərəflər hansısa razılığa gəlsinlər. Hansı? Mən bilmirəm. Bu yaxınlarda Karyakinin açıqlamasını oxudum. Deyir ki, təlim-məşq toplanışına 100 min dollardan çox xərc çıxıb. Mən hüquqşünas deyiləm, əlavə hansı xərclərin olduğunu hesablamaq lazımdı. FIDE qeyd olunan məbləği və daha artığını ödəməyə razılaşsa, mənim üçün təəccüblü olmayacaq. Ona da əminəm ki, vəziyyəti bu həddə çatdırmalı olmadıqlarını FIDE-də gözəl başa düşürlər. Bir sözlə, inanmaq istərdim ki, Rəcəbovla bağlı məsələ həllini tapacaq. Hərçənd necə olacağını təsəvvür belə etmirəm”.
Sosonko turnir iştirakçılarının Rəcəbovu meydanda tək buraxdıqlarını deyib: “Bir neçə ad çəkilir. Amma fikrimcə, bunu ancaq bir şahmatçı bacara bilərdi. Qalanları belə addım ata bilməzdi və ya bunu istəməzdi. İki çinli qrossmeysteri kənara atmaq lazımdı. Çünki bildiyiniz kimi, onlar federasiyalarının qərarını yerinə yetirirlər. Qalır 6 nəfər. Onlardan 3 rusiyalını da məlum səbəblərdən kənara ataq. Bəli, Rysiya Çin deyil. Bununla belə... Qalan 3 iştirakçıdan Giri özünü rusiyalı və niderlandlı qrossmeyster saydığını dəfələrlə söyləyib. Həmçinin bu şərtlər alrında oynamaqda problem görməyib. Özünün nə deməyindən asılı olmayaraq, hansı yolla yarışa qatıldığı bilinən Vaşye-Laqravı da siyahıdan silək. Beləliklə, yalnız Karuana qalır ki, məhz amerikalı Rəcəbov kimi addım ata bilərdi. Onun Yekaterinburqa gələrkən nəyə əsaslandığını bilmirəm. Amma fikrimcə, o da bunu gözləmirdi. Və mən desəm ki, Karuana və Liren imkanlarından aşağı çıxış etdilər, bu fikrimdə qeyri-adi heç nə olmayacaq. Bir şey aydındı: Yekaterinburqda şahmat bayramı yox idi. Çünki hər şey fərqli alındı”.