Sizin reklam burada

Azərbaycan Kubokunu “İdman Azərbaycan” yayınlayacaq

Baxış Sayı:386


İştirakçılar arasında Teymurla Şəhriyar yoxdu
AGİN və AŞF-nin birgə təşkilatçılığıyla keçiriləcək internet üzərindən superblits üzrə 1-ci Azərbaycan Kubokuna qeydiyyat sona yaxınlaşır. Yarışda iştirak etmək üçün 100-ə yaxın şahmatçı qeydiyyatdan keçib. İştirakçılar arasında milli komandamızın üzvləri, Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, həmçinin Nicat Abasov, Vasif Durarbəyli, qadınlardan ibarət yığmanın üzvlərindən Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və başqa tanınmış şahmatçılar yer alıb. Eyni zamanda, ABŞ, Ukrayna və Türkiyədə yaşayan şahmatçılarımız da iştiraklarını təsdiqləyib.
Layihənin təşəbbüskarı FİDE və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarış barədə bunları deyib: "Koronavirus pandemiyası ilə bağlı hamı evdə qalmağa çalışır. Biz də özünüzün və ailənizin sağlamlığını qorumaq üçün məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik. Eyni zamanda, evdə qalan şahmatçıları Azərbaycan Kubokunda mübarizə aparmaq imkanı yaradırıq. Yəni evdə qal, amma şahmatdan qalma. Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb. Bir neçə saat davam edəcək yarışda rəqabətin olacağı sevindiricidi. Yığma üzvlərinin də iştirakı yarışa marağı daha da artıracaq. Şahmat həvəskarlarının internet vasitəsilə bütün oyunları canlı izləmək imkanı olacaq".
Chess24.com portalı üzərindən keçiriləcək yarışa qeydiyyat bu gün, saat 22.00-da başa çatacaq. Mübarizəyə sabah, saat 19-da start veriləcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
Turnirin mükafat fondu 15000 manatdı. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 manat əldə edəcək. 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən 4 iştirakçı üçün mükafatlar nəzərdə tutulub. Turnir “İdman Azərbaycan” telekanalı ilə canlı yayınlanacaq. Partiyaları əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcək.
Diqqəti çəkən məqam yığmanın liderləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun yarışa qatılmamasıdı. Elitar şahmatçılar sırasına daxil olan bu ikili ümumiyyətlə, son illərdə bir qayda olaraq ölkədaxili turnirlərdən yan qaçır. Onları əsasən nüfuzlu yarışlarda görürük. Halbuki adı çəkilənlər karantin dövründə təşkil olunan yarışa qatılmaqla həm marağı artırar, həm də oyunları ilə rəng qatardı. Çünki indiki məqamda əsas qazanmaq yox, iştirakdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR