Sizin reklam burada

Çempionatı başa vurmağa ayyarım da bəs edir

Baxış Sayı:309


PFL rəhbərliyi də idman prinsiplərinə uyğun davranmaq istəyir
PFL prezidenti növbəti dəfə mətbuata açıqlama verib. Premyer-liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurumun rəhbəri karantin rejimi uzadılacağı halda çempionatı bitirə bilməyəcəklərini açıq şəkildə bildirib. Ciddi, bir o qədər də qanqaraldan mesajdı, deyilmi?
Bəli, indiki halda aprelin 20-nə qədər nəzərdə tutulan ciddi karantin rejiminin həmin tarixdə başa çatacağını söyləmək çətindi. Bu gün yoluxma halları müşahidə olunmaqda davam edirsə, ölkə rəhbərliyinin karantin rejiminin daha bir müddət uzadılması ilə bağlı mümkün qərarını gözləməyə dəyər.
Lakin bu o demək deyil ki, çempionatı başa çatdırmaq mümkün olmayacaq. Deyək ki, karantin ən pis halda mayın əvvəlinə, hətta ortalarına qədər davam etdi. Və həmin vaxt elita təmsilçiləri məşqlərini bərpa etdi, 15 günlük təlim-məşq toplanışı ilə çempionata hazırlığı başa vurdu. Yəni ən pis halda iyunun ilk günündə birinciliyi bərpa etmək olar.
Premyer-liqada 8 tur qalıb, yəni 8 futbol günü. Üstəgəl, kubokun yarımfinalı ilə finalı. Hamısını üst-üstə gələndə 11 futbol günü edir. Bu 11 futbol günü arasında 3 gün fasilə verməklə çempionatla kuboku davam etdirmək mümkün olsa, PFL-ə cəmi 33 gün lazım olur. Bu da təxminən bir ay edir.
Deməyimiz odu ki, karantin rejimi növbəti dəfə 10-15 günlük uzadılsa belə, çempionatı başa çatdırmaq əlçatandı. Həm futbolsevərlər üçün maraqlı olar, həm də avrokuboklar üçün idman prinsipləri qorunar. Məlum məsələ ilə bağlı bu mövzuda açıqlama verən Ramin Musayevi danışdıra bilməsək də, “sağ əli”, dəqiq desək, PFL-in sözçüsü Aslan Şahgəldiyevlə söhbətdə məsələyə aydınlıq gətirməyə çalışdıq: “Açıq deyim, bu dəqiqə bütün variantlar müzakirə olunur. İstər bizim, istərsə də premyer-liqa təmsilçilərinin yekdil fikri budu ki, çempionat davam etsin, idman prinsipləri pozulmasın. UEFA-nın tövsiyəsi də belədi ki, tələsik qərar qəbul etməyin, mümkün qədər gözləyin.
Bildiyiniz kimi, Belçika Peşəkar Futbol Liqasının Direktorlar Şurasının çempionatın indiki vəziyyətdə tamamlanması ilə bağlı düşüncəsi vardı. Hətta qərarın aprelin 14-də təsdiqlənəcəyini yazırdılar. Gördüyünüz kimi, bu gün ayın 14-dü və məsələyə yenidən baxılması üçün daha 10 gün vaxt verildi. Hətta onlar da tələsik qərar vermək istəmirlər.
Çempionatımızda 8 tur qalıb, üstəgəl, kubokun yarımfinalının ilk və cavab görüşləri, bununla yanaşı, həlledici qarşılaşma. Ümumilikdə 11 oyun günü qalıb. Bunu 3 gündənbir də etmək olar, 4 gündənbir də. Amma indidən bu haqda nəsə deyə bilmərik. Çünki klub rəsmiləri və baş məşqçilərlə keçiriləcək iclasda müzakirə olunması vacib məsələdi. Karantin tez bitsə, bu haqda müzakirələr aparılacaq. İlk sual təbii ki, komandalara bərpa üçün nə qədər vaxtın lazım olacağıdı. Tövsiyəmiz məşq dövrünün mümkün qədər qısa müddəti əhatə etməsi ilə bağlı olacaq. Belə olarsa, çempionatı da erkən bitirmək olar. Komandaların toplanış müddətini və yerdə qalan 11 oyun gününü nəzərə alsaq, bizə ayyarım-iki ay vaxt lazım olacaq. Bu dəqiqənin özündə də PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və klub rəhbərləri mütəmadi əlaqədə olub, bu kimi məsələləri müzakirə edirlər. Yenə deyirəm, məqsədimiz çempionatı idman prinsiplərinə uyğun şəkildə bitirməkdi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR