Sizin reklam burada

PFL Almaniya təcrübəsini ölçü vahidi saymır

Baxış Sayı:373


Aslan Şahgəldiyev: “Onda biz də fasilə verməzdik ki, Belarus dayanmırsa, biz niyə dayanaq?”
Koronavirus təhlükəsinin ötən aya nisbətən azalması artıq bəzi ölkələri hərəkətə keçməyə məcbur etməkdədi. Bu yöndə əsas dirçəliş Almaniyada müşahidə olunur. Bundesliqa müəyyən müddətə dayandırılsa da, artıq bəzi elita təmsilçiləri məşqlərə başlayıb.
Təbii ki, çalışmalar kollektiv şəkildə yox, qrup halında baş tutur. Yəni qoyulmuş təhlükəsizlik qaydalarına riayət etməklə. Məşqlərini aprelin 6-dan bərpa edən “Bavariya”da eyni anda maksimum 4-5 nəfər qazona ayaq basır. Oyunçular bazaya rəhbərliyin müəyyənləşdirdiyi şəkildə gəlir. Hər oyunçu fərqli paltardəyişmə otağına yönəldilir. Paltardəyişmə otaqları gündə iki dəfə dezinfeksiya olunur. Məşqdən sonra duş qəbul etmək qadağandı. Hər kəs öz evində duş qəbul edir.
Aşağı-yuxarı eyni hal başqalarında da müşahidə olunmaqdadı. “Leyptsiq”də konkret məşq saatları açıqlanıb, “Volfsburq”da bir qrupda 6 nəfər yer alır və eyni anda iki qrupun hazırlıq keçməsinə icazə verilir. Bundesliqa hakimləri isə şəxsi evlərində məşq keçməkdədilər.
Gördüyünüz kimi, almanlar pandemiyanın səngidiyini əsas gətirib kiçik addımlar atmağa başlayıblar. Bizdə isə bu yöndə sakitlik hökm sürür. Futbolun nə vaxt bərpa olunacağı qaranlıq qaldığı kimi, komandaların məşqlərə nə vaxt start verəcəyi də qeyri-müəyyəndi.
Görəsən, Almaniya üsulundan yararlanmağa nə mane olur? Yaxın günlərdə komandaların qrup məşqlərinə start verməsi mümkündümü? Ümumiyyətlə, aidiyyatı orqanlar premyer-liqa təmsilçilərinin məşq prosesi haqda nə düşünür? Bu mövzuda sualın cavabını PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətdə almağa çalışdıq: “Hər bir ölkənin özünə uyğun qanunları və qadağaları var. Almaniyada bir cür qərar qəbul olunub, İtaliyada başqa, İspaniyada digər cür. Bu o demək deyil ki, biz də onların yolu ilə getməliyik. Məsələn, koronavirus xəstəsinin aşkarlandığı Belarusda çempionat hələ də davam edir. Onda biz də fasilə verməzdik ki, Belarus dayanmırsa, biz niyə dayanaq? Bu düşüncə ilə addım atmaq düzgün deyil. Bu gün Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə uyğun davranırıq. Həmin qərarların arasında icazəsiz bayıra çıxmaq, bir yerə toplaşmaq qadağaları var. Aprelin 20-nə qədər vəziyyət bu cür davam edəcək. Ondan sonra hansı qərar qəbul olunacaq, bunu bilmirik. Ona görə də ilk növbədə aprelin 20-ni gözləməliyik. Ondan sonra hansı qərar veriləcəksə, ona uyğun addım atacağıq. Hansısa ölkədə məşqlərin bərpa olunması bizim üçün ölçü vahidi deyil. Biz yerli qanunlara uyğun addım atırıq. Hətta UEFA-nın videokonfransında da vurğulanmışdı ki, çempionatlar yerli qanunları nəzərə almaqla davam edə bilər”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR