Sizin reklam burada

Zədənin parlaq karyerasına son verdiyi güləşçi…

Baxış Sayı:366


Arif Mehdiyev: “Yarımfinal başa çatan kimi məni hospitala apardılar”
Onu ötən əsrin 90-cı illərində ölkənin ən perspektivli güləşçisi sayırdılar. Ulduzu tez parlamışdı, müxtəlif beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında qazandığı uğurlar göz qamaşdırırdı. Onu potensial Olimpiya çempionu hesab edənlər də az deyildi. Ancaq zədə səbəbindən karyerasını tez bitirməyə məcbur olub. Söhbət Arif Mediyevdən gedir. Sumqayıtlı veteran güləşçi ilə görüşüb, ötən günləri yada saldıq, Azərbaycan güləşinin indisinə qiymət verdik.
- Əvvəlcə güləşi seçməyinin səbəbini bilmək istərdik.
- 1991-ci ildə, 11 yaşımda Rövşən Süleymanovun rəhbərliyi altında Sumqayıtda güləşməyə başlamışam. Ondan əvvəl isə cüdoda özümü sınamışdım. Rəhmətlik Əhəd Rəcəblinin yanında məşğul olmuşam. Ancaq cüdo məni cəlb etmədiyindən, güləşə üz tutdum. Güləşə getməyimin də maraqlı tarixçəsi var. Yay tətili vaxtı bir çox yaşıdlarım kimi mən də yay düşərgəsinə yollanmaışdım. Orda elə alındı ki, məşqçi Firdovsi Ömərov və Rövşən müəllim məni gördü. Düşərgədə müxtəlif idman yarışları keçirilirdi. Onlardan biri də güləş idi. Çıxıb güləşdim və məşqçilərin diqqətini cəlb etdim. Tətil başa çatandan sonra artıq zalda məşq etməyə başladım.
- Qalib gəldiyin ilk turniri xatırlayırsan?
- Bunu heç unutmaq olar?! 1993-cü ildə ilk dəfə ölkə xaricinə yollandım. Belarusun Pinsk şəhərində beynəlxalq turnir keçirilirdi. 13 yaşımda həmin turnirin qalibi oldum. Həmin vaxt sərbəst güləşdə çıxış edirdim.
- Bildiyimə görə, həm yunan-Roma, həm də sərbəst güləşdə uğur qazanan tək-tük güləşçidən birisən...
- Məşq etdiyim zalda bizdən başqa yunan-Roma güləşi üzrə məşqlər də olurdu. Həftədə bir dəfə biz də klassiklərin məşqinə qatılırdıq. Yunan-Roma güləşində parter deyilən bir qayda var. Bu vəziyyətdə daha yaxşı olmağımız üçün klassiklərə qoşulurduq. Elə oldu ki, klassik güləşdə də özümü yaxşı tərəfdən göstərə bildim. 1995-ci ildə yeniyetmələr arasında türkdilli xalqların universiadası təşkil olunmuşdu. Çorum şəhərində keçirilən yarışa yığmanın tərkibində mən də yollandım və ilk dəfə belə mötəbər turnirdə Azərbaycan adına qızıl medal qazandım. Medalın üzərində Atatürkün qızıldan şəkli həkk olunmuşdu. Gəncəli Rza Xəlilov isə bürünc medala sahib çıxdı.
- Və bu uğurun davamı kimi 1997-ci ildə yeniyetmələr arasında dünya çempionu olmağı bacardın.
- 1996-cı ildə ölkə çempionatında ikinci yeri tutdum, İranda, Rusiya keçirilən yarışlarda qalib oldum. Göstərdiyim nəticələrə görə yığmaya cəlb olundum və 97-də Sloveniyanın Maribor şəhərində keçirilən dünya çempionatına yollanan heyətdə yer aldım. 52 kq-da mən qızıl medal qazandım. O vaxt 48 kq-da çıxış edən Fərid Mansurov isə ikinci oldu. Bir güləşçimiz də üçüncü yeri tutdu. Sonda komanda hesabında Azərbaycan yığması 3-cü olmuşdu ki, bu da müstəqillik illərində güləşdə bir ilk idi.
- Sənin çempion, komandanın dünyada üçüncü olmasına görə yəqin ki yarışdan qayıdandan sonra sizlərə yaxşı mükafat verildi.
- Həmin dönəmdə Azərbaycanın iqtisadi durumu indiki kimi deyildi. Dünya çempionatına yollansaq da, komanda şəklində idman geyimlərimiz belə yox idi. Hərə bir idman paltarında Sloveniyaya yollanmışdı. Buna baxmayaraq, bizə müəyyən qədər mükafat verildi. Çox olmasa da, əziyyətimizi dəyərləndirdilər.
- Yenə o suala dönmək istəyirəm ki, həm klassik, həm də sərbəst güləşdə çıxış etmisən. Və maraqlı bir məqam var ki, bir ildə hər iki növdə ölkə çempionatına qatılmısan. Birində çempion, digərində isə vitse-çempion olmusan.
- 1999-cu ildə yenidən sərbəst güləşə döndüm. Ondan bir il öncə isə bu növdə ölkə çempionatının finalında Namiq Abdullayevlə üz-üzə gəldim və uduzdum. Baxmayaraq ki, həmin vaxt cəmi 19 yaşım var idi və gənclərdə güləşirdim, kişilər arasında keçirilən ölkə çempionatına da qatılmışdım. Məşqçilər belə məsləhət bildilər ki, yenidən sərbəst güləşə qayıdım. Onu da qeyd edim ki, elə həmin il yunan-Roma güləşində ölkə çempionu oldum.
- Səndən başqa yerli güləşçilər arasında belə göstəriciyə malik kimsə var?
- Məncə, nəinki Azərbaycanda, heç dünyada belə güləşçi olmayıb.
- 1999-cu ildə ikinci dəfə dünya çempionu olmağa çox yaxın idin...
- Polşanın Lodz şəhərində keçirilən dünya çempionatına rəhmətlik Xosrov Cəfərovun rəhbərliyi altında yollanmışdıq. Yarımfinala qədər bütün rəqiblərimi asanlıqla yendim. Yarımfinalda ukraynalı güləşçiylə qarşılaşdım. Görüşün yarısında çiynim çıxdı. Həmin vaxt rəqibdən 4 xal almağı bacarmışdım. Çiynim çıxandan sonra ukraynalı güləşçi hesabı bərabərləşdirməyi bacardı. Qaydalara əsasən “qızıl xal”a qədər güləşməliydik. Və mən həmin “qızıl xal”ı qazanaraq finala yüksəldim. Təəssüf ki, zədə səbəbindən həlledici görüş üçün döşəyə çıxa bilmədim və qazancım gümüş medal oldu. Yarımfinal başa çatan kimi məni təcili tibbi yardım maşını ilə hospitala apardılar. Polşadan qayıdandan sonra Xosrov müəllimi telekanalların birinə dəvət etmişdilər. O dünya çempionatı ilə bağlı danışanda məni də yada salmışdı və “Arif Mehdiyevə Milli Qəhrəman adı verilməlidi ki, ağır vəziyyətdə yarımfinalı qalib kimi başa vurdu” söyləmişdi.
- Həmin zədə, deyəsən, ağır oldu və bir daha döşəyə qayıda bilmədin...
- Xroniki zədə olduğundan artıq güləşməyin mənası yox idi.
- Bəs zədəni müalicə etdirmək olmazdı?
- Yenə deyirəm, 90-cı illərdə ölkədə idmana və idmançılara indki kimi diqqət və qayğı göstərilmirdi. Əməliyyat üçün çox vəsait tələb olunurdu. Moskvada bir dəfə əməliyyat olundum. Davamı isə olmadı. Maddi durumum buna imkan vermədi.
- Bununla bağlı federasiyaya, Gənclər və İdman Nazirliyinə, MOK-a müraciət etmişdin?
- Etmişdim, ancaq kömək olunmadı. Yenə sağ olsun mənimlə güləşən dostlarım, sumqayıtlı bəzi iş adamları ilk əməlliyatıma yardım etdilər.
- Bu gün nə işlə məşğul olursan?
- Karyeramı tez başa vurmaq məcburiyyətində qalsam da, güləşdən uzaqlaşmadım, hazırda məşqçi kimi çalışıram. Yeniyetmə və gənclərə güləşin sirlərini öyrədirəm.
- Bəzən karyerasını başa vuranlar hakim kimi döşəyə çıxırlar. Bəs sən nə yaxşı hakimliyə üz tutmadın?
- Açığı, özüm istəməmişəm. Həmişə kiminsə haqqına girməkdən qorxmuşam. Hakimlikdə isə bəzən özün də bilmədən səhvə yol verirsən. Bir də güclü güləşçilərin heç biri sonradan hakim olmaq istəmirlər.
- Veteran güləşçi kimi Azərbaycan güləşinin bugünkü durumundan razısan?
- Bu suala birmənalı cavab vermək çətindi. Güləş milli idman növümüzdü, daha da yaxşı ola bilər. Düzdü, federasiya rəhbərliyi bu gün güləşçilərimiz üçün müəyyən işlər görür, məşq etmək üçün idmançılara yaxşı şərait yaradır, yüksək səviyyədə təlim-məşq toplanışları təşkil edir. Ancaq bundan da artığını etmək olar. Məsələn, Sumqayıtda güləş üçün normal şərait yoxdu. Sovet dönəmində qalan, el arasında “Alüminum zal” deyilən idman obyektini çıxmaq şərti ilə sırf güləş üçün nəzərdə tutulan kompleks yoxdu. Oranın da şəraiti ürəkaçan deyil. Halbuki əhalisi az qala yarım milyonu keçən şəhərdə belə olmamalıdı. Sumqayıtda həmişə istedadlı, gələcək vəd edən güləşçilər olub. Onların inkişafı üçün daha yaxşı şərait yaradılmalıdı. Federasiya tərəfindən Şirvanda, Tovuzun Əlibəyli kəndində belə zallar istifadəyə verilib. İstərdim ki, respublikanın digər rayon və şəhərlərində də bu cür zalların sayı çox olsun. Ötən il Sumqayıtda Cüdo Federasiyası tərədindən ayrıca məşq bazası istifadəyə verildi. Güləş üçün də bunu etmək lazımdı.
- Vaxtilə bir yerdə güləşdiyin Fərid Mansurov hazırda Gənclər və İdman Nazirliyində məsul vəzifədə şalışır. Dostluq münasibətlərindən istifadə edib vurğuladın problemlə bağlı bəlkə ona müraciət edəsən...
- Onunla bu haqda söhbətimiz olub. Görək necə olacaq? Mansurov həm idmançı, həm də dövlət məmuru kimi özünü doğruldub. İnanıram ki, qeyd etdiyim məsələnin həllində də yardımçı olacaq.
- Özün də qeyd etdin ki, güləş milli idman növümüzdü və Olimpiya Oyunlarında əsas medal ümidimizdi. Ancaq son vaxtlar güləşdə legionerlərin sayı artır. Yerli güləşçilərimiz zəifləyiblər, yoxsa başqa səbəblər var?
- Bizdə həmişə ağır çəkilərdə problem olub. Azərbaycanlı güləşçilər daha çox yüngül və orta çəkilərdə fərqləniblər. Ağır çəki isə yaralı yerimiz olub. Ona görə də bu çəkilərə kənardan idmançılar dəvət olunur. Əlbəttə, özümüzkülər olsa, daha yaxşı olar. Ancaq olmayandan sonra bu addımı atmağa məcburuq.
- Niyə bizim güləşçilər bir Olimpiadada uğur qazanadan sonra sonrakında bunun davamını gətirə bilmirlər? Bəlkə mükafatlar onları yumşaq desək, “yoldan çıxarır”?
- Qeyd etdiyim kimi, bizim güləşçilər daha çox yüngül və orta çəkilərdə uğur qazanırlar. Bu çəkilərdə isə daim uğurlu nəticə qazanmaq çətindi. Bir vaxtlar güləş deyəndə ağla Rusiya, İran, Kuba kimi ölkələr gəlirdi. İndi dünyanın istənilən ölkəsində güləşə maraq artıb, güclü idmançıların sayı günbəgün çoxalır. Ona görə də bir Olimpiada o birindən fərqlənir, səviyyə artır. Ancaq ağır çəkilərdə durum fərqlidi. Məsələn, rusiyalı Aleksandr Karelini götürək. 13 il heç kimə uduzmayıb, 3 dəfə Olimpiya Oyunlarının qalibi olub, 9 dəfə dünya çempionluğunu bayram edib. Onun çəkisində çıxış edənlərin də sayı az olub. Ağır çəkidə məşqlərdə sınaqçı-rəqib tapmaq da çox çətindi. Yadımdadı, mən gənclərdə çıxış edəndə məşqlərdə həmişə Namiq Abdullayevlə bir işləyirdik. Onda Namiqin “08” markalı maşını var idi. O Papanində yaşayırdı, mən isə Sumqayıtda. Hər gün məni gəlib “20 Yanvar” dairəsindən götürürdü, Sahilə gedirdik. Maşında heç arxa oturacaq da yox idi. Çantamızı qoyub üstündə oturuduq (gülür). Deməyim odu ki, eyni çəkidə ölkədə azı 4-5 güclü güləşçi olmalıdı ki, idmançı rəqabətdə artıra bilsin. Onu da deyim ki, Olimpiadada uğur qazanmaq heç də asan deyil. Yəqin bolqarıstanlı Valentin Yordanovu xatırlayırsız. 7 qat dünya, 7 dəfə də Avropa çempionu olmuşdu. Ancaq Olimpiadalarda qızıl qazana bilmirdi. Axırda 36 yaşında Atalantada hakimlərin köməyi ilə Namiqi məğlub edib çempion oldu. Belə deyək, ona bu “qızıl”ı hədiyyə etdilər. Çünki adam adını dünya güləş tarixinə yazdırmışdı. Bunları ona görə vurğuladım ki, niyə “bizimkilər ikinci dəfə Olimpiya çempionu ola bilmirlər” sualına bir qədər aydınlıq gəlsin.
- Bu il Tokioda Yay Olimpiya oyunları keçirilməliydi. Ancaq məlum səbəbdən növbəti ilə ertələndi. Güləşçilərimizin şansını necə dəyərləndirirsən?
- İndidən nəsə demək çətindi. Qarşıda hələ bir ildən çox vaxt var. Həmin ərəfədə güləşçilərimizin hansı formada olmasından çox şey asılıdı. Ümid edirəm ki, idmançılarımız Yaponiyada da bizləri sevindirəcəklər.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR