Sizin reklam burada

“Evdə oturanda kökəlməmək mümkün deyil”

Baxış Sayı:620


Koronavirus pandemiyası səbəbindən çempionatların dayandırılması və məşqlərin keçirilməməsi futbolçuları çətin vəziyyətə salıb. Birinci divizionda çıxış edən “Kəpəz” də digər klublar kimi oyunçuları vaxtından əvvəl məzuniyyətə göndərib. “Sarı-göylər”in sonuncu məşqi martın 14-də olub. Hazırlıq prosesindən sonra məşqçilər korpusu klub rəhbərliyi ilə məşvərətin ardından mövcud duruma uyğun olaraq futbolçuları qeyri-müəyyən müddətə qədər evə buraxıb.
Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlama verən Tural Qürbətov üzləşdiyi çətinlikdən danışıb: “Virusun geniş yayılması üzücü haldı. Düz bir aydı ki, məşqlər dayandırılıb. Futbolsuz qalmaq çox çətindi. Amma bu o demək deyil ki, evdə sakit və məşqsiz oturaq. Fəal olmaq lazımdı. Fiziki durumumuz zəifləyir, bu səbəbdən müəyyən hərəkətləri etmək mütləqdi”.
Evdə olduqları müddətdə oyunçular məşqçilərin tövsiyələrinə əsasən fərdi qaydada hazırlaşır. Tural eyni zamanda internet vasitəsi ilə əldə etdiyi məşq proqramından yararlanmaqla vəziyyətdən çıxışı yolunu tapıb: “Futbolçu üçün əsas məşq qaçmaq və çəkiyə diqqət etməkdi. Açığı, mən telefona məşq proqramları yükləmişəm. Bundan istifadə edirəm. İnternetdə bütün əzələlər üçün məşq proqramları var. Orda nəyi necə etməli olduğumuz göstərilir, hətta deyilir də. İdmançılara tövsiyə də edirəm. Və ya hamı öz zəif nöqtəsini bilir. Buna uyğun məşq edə bilər. Onu deyim ki, yeməyimə ciddi fikir verirəm. Evdə oturanda kökəlməmək mümkün deyil. Ona görə diqqətli olmaq lazımdı”.
Gəncə klubunun hücumçusu vəziyyətin düzələcəyinə ümid edir: “Ən sonda azarkeşlərə demək istəyirəm ki, narahat olmasınlar. Tətbiq olunan karantin rejiminə düzgün əməl etsinlər. Həm özümüzün, həm də sevdiklərimizin sağlamlığı üçün bu olduqca vacibdi. İnşallah, tez bir zamanda görüşərik. Evdə qalın, sağlam qalın”.
Qış transfer kəsiyində “Kəpəz”in sıralarına qoşulan Tural Qürbətov 5 oyuna 3 qol vurub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR