Koronavirus epidemiyası üzündən bir aydı bütün dünya futbolsuz qalıb. Amma nə qədər qəribə səslənsə də, bundesliqada həyat davam edir. Almaniya çempionatı martın 13-dən bu yana oynanılmır. Amma klublar sosial məsafə və başqa qaydalara riayət etməklə məşqləri davam etdirirlər.
Hazırda məşqləri davam etdirən 7 klub var. Söhbət “Bavariya”, Dortmund “Borussiya”sı, “Şalke-04”, “Leyptsiq”, “Volfsburq”, “Bayer-04” və Münhenqladbax “Borussiya”sından gedir. Məsələn, “Bavariya” aprelin 6-dan məşqlərə başlayıb. Məşqlər maksimum 4-5 oyunçudan ibarət olan qruplar şəklində keçirilir. Oyunçular bazaya rəhbərliyin müəyyənləşdirdiyi şəkildə gəlir. Hər oyunçu fərqli paltardəyişmə otağına yönəldilir. Paltardəyişmə otaqları gündə iki dəfə dezinfeksiya olunur. Məşqdən sonra duş qəbul etmək qadağandı. Hər kəs öz evində duş qəbul edir. Başqa klublarda da cüzi dəyişiklikləri saymasaq, məşqlər bu cür şəkildə keçirilir. “Leyptsiq”də konkret saatlar da açıqlanıb. Maksimum 4 futbolçu olmaqla bir qrup məşqi tamamladıqdan yalnız 2 saat sonra digər qrup məşqə başlaya bilər. “Volfsburq”da bir qrup 6 oyunçudan ibarət olur və eyni anda iki qrupa məşq etməyə icazə verilir. Sadəcə, onlar meydanın fərqli hissələrinə ayrılmış olurlar. Maraqlıdı ki, hər futbolçunun öz topu olur. Onlara jurnalistlərlə söhbət etmək və açıqlama vermək qadağan edilib. Oyunçulara yemək yemək də qadağandı. Onlar rəhbərlik tərəfindən verilən yeməyi paketə qoyaraq evdə yeməlidilər.
Mayda başlanılması planlaşdırılan bundesliqada hakimlər üçün də bəzi qərarlar qəbul olunub. Futbolçular kimi bu müddət ərzində evlərində məşq edərək fiziki formalarını qorumağa çalışan hakimlər öz bölgələrini tərk etməyəcəklər. Məsələn, “Bavariya”nın ev oyununu Münhendə, “Borussiya”nın ev oyununu Dortmundda yaşayan hakim idarə edəcək. Yəni hakim şəhəri tərk etməmək şərtiylə oyunu idarə edib evinə qayıdacaq. Bundan başqa, hər hakim oyundan öncə koronavirus testindən keçiriləcək.