“12 aprel yeganə gündü ki, özümü həm tənqid edə, həm də tərifləyə bilərəm”
1985-ci il aprelin 12-də Sumqayıtda anadan olub. Yığmanın heyətində 3 qat Avropa çempionu (2009, 2013, 2017), sürətli şahmat üzrə dünya çempionatının (2013) qalibidi. Yeniyetmələr arasında mundialı iki dəfə (2003, 2005) qazanan yeganə şahmatçıdı. İki dəfə İddiaçıların turnirində (2014, 2018) iştirak edib. Mixail Çiqorin və Eugenio Torrenin dünya çempionlarının simvolik klubunun üzvüdü. Əlbəttə, söhbət planetin ən parlaq qrossmeysterlərindən olan Şəhriyar Məmmədyarovdan gedir. “Şah” bu gün 35 yaşını qeyd edir. Məlum səbəb üzündən karantində...
Bir müddət yığmanın digər parlaq fiquru Teymur Rəcəbovun kölgəsində qalan Məmmədyarovun yüksəliş qrafiki, tarixi “dodaq uçuqladır”. Uzun müddət ilk “onluq”da yer alan, hətta bir ara “5-liy”ə də düşən qrossmeyster hazırda planetin 11-ci şahmatçısıdı. Onun şahmat ulduzları arasında, elitada özünə yer etməsinin bir sadə izahı var: qazandıqları ilə kifayətlənmir, aqressiv və baxımlı oyun üslubuna sadiq qalır. Bu yolla həm zirvədə yer alır, həm də qəlbləri fəth edir. Ən böyük özəlliklərindən biri də ünsiyyətə meyilli olması, gündəmlə bağlı məsələlərə obyektiv reaksiya verməsidi. Yəni, bir növ xalqın içindən çıxan, xalqa yaxın idmançıdı.
Əksəriyyətin arzusu şahmat tacının Azərbaycana gətirilməsidi ki, Məmmədyarov bu çətin tapşırığın öhdəsindən gələ biləcək potensiala və iddiaya malikdi. İki dəfə İddiaçıların Turnirindən həlledici mübarizəyə vəsiqə qazana bilməyib. Hətta bir dəfə buna çox yaxın olub. Amma təbii ki, həyat öz axarı ilə davam edir və hələ çox belə şansı olacaq. Ən böyük arzumuz da məhz bu yöndədi.
Şəhriyarın doğum günü ilə bağlı səmimi açıqlamaları onunla bağlı qeydlərimizlə uzlaşır: “12 aprelə doğum günündən çox hesabat günü kimi baxıram. Ad günümü il ərzində etdiklərimin hesabat günü kimi qeyd edirəm. İl ərzində nə etmişəm, nələr qazanmışam, nələr çatışmır, uğurlarım və uğursuzluqlarım - bütün bunlarla bağlı özümə məruzə edirəm. 12 aprel yeganə gündü ki, özümü həm tənqid edə, həm də tərifləyə bilərəm. Bu gün yaxşı və ya pis əməlllərimin hesab günüdü. İnsan yaşlandıqca müdrikləşir, daha ağıllı olur. Mən həyatımdan bir il keçdiyinə görə üzülmürəm. Yaşadığım illərdən, zamandan ləzzət alıram. Hər bir yaşın öz gözəlliyi və müdrikliyi var. Bu yaşı da çox yaxşı qarşılayıram və böyük ümidlərlə yeni yaşa qədəm qoyuram”.