Türkiyə futbolunda iz buraxan simalardan biri olan və hazırda Türkiyə Futbol Federasiyasında Futbol İnkişaf Əlaqələndiricisi kimi çalışan Rüştü Rəçbər İtaliya mətbuatına açıqlamalar verib. Koronavirusa yoluxan və 11 günlük müalicənin ardından evə buraxılan 46 yaşlı Rüştü həmin müddətdə yaşadıqlarını Tuttomercatoweb.com saytıyla bölüşüb: "Yavaş-yavaş özümə gəlirəm və normal həyata dönürəm. Durumum hər ötən gün yaxşılaşır. Fiziki cəhətdən bir qədər zəifləmişəm. Müalicə dönəmim ağır keçsə də, Allaha şükürlər olsun ki, hər şey geridə qalıb. İndi 15 gün evdə karantində qalmalıyam. İlk gündə sadəcə boğazım ağrıdı. Hərarətim 37,5-i keçmədi. Həkimimlə əlaqə saxladım və mənə ağrıkəsicilər, hərarəti salan dərmanlar verdi. Sonra ağzımın dadı itməyə başladı. Qısa müddətdə dad və iy hiss etməni itirdim. Güclü öskürək başladı. Etiraf edim ki, ilk vaxtlarda buna ciddi yanaşmadım. Adi qrip olduğunu düşündüm, amma elə deyilmiş! Hərarətim daha da yüksəlməyə başladı və artıq dərmanlar da təsir etmirdi. İlk dəfə məhz həmin vaxt narahat olmağa başladım. Testim pozitiv çıxdı, pnevmaniya da aşkarlandı və çətin günlərim başladı. Əminliklə deyə bilərəm ki, həyatımın ən çətin dönəmini yaşadım! İtaliya da daxil olmaqla dünyanın dörd bir yanından dostlarımdan dəstək mesajları aldım. Onların hamısına bir-bir təşəkkür edirəm. Koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyadı. İtaliyalı dostlarıma mütləq sağalacaqlarını dedim və türk xalqının onların yanında olduğunu söylədim. Bu çox ciddi bir virusdu. Zarafatı bir kənara buraxmalıyıq. COVID-19 bütün insanlıq üçün təhlükədi. Evdə qalaraq heç kimlə təmas etmədən günlərimizi keçirməliyik. Yarımçıq qalan mövsümlərin aqibətinin necə olacağını bilmirəm. Səhiyyə naziri və həkimlərimizlə məsləhətləşməliyik. Çünki söhbət insan həyatından gedir. Göstərişlərə, qaydalara riayət etməli və hamımız birlikdə nə olacağını gözləməliyik".