Fernando Musleranı artıq “Qalatasaray”ın əfsanəsi adlandırmaq olar. 2011-ci ildən İstanbul nəhənginin şərəfini qoruyan uruqvaylı qapıçı klub tarixinin ən çox titul qazanan və ən çox oyun keçirən əcnəbi futbolçusudu. 33 yaşlı Muslera bugünlərdə “Qalatasaray”ın akademiyasında yetişən uşaqların suallarını cavablayıb. Onun açıqlamalarının ən maraqlı hissəsiylə sizi tanış edirik: “İlk İstanbul derbisinə çıxanda çox gərgin və həyəcanlıydım. Amma meydana ayaq basan kimi bütün həyəcanım itdi. Türkiyədə hətta rəqib fanatlar tərəfindən də sevilirəm. Bu da həmişə rəqiblərə hörmətlə yanaşmağımdan irəli gəlir. Təbii ki, mən də “Fənərbaxça”nı 100:0, “Beşiktaş”ı 200:0 hesabıyla yenməyimizi istərdim. Amma hörmət mənim üçün hər zaman ön plandadı. Rəqiblər də bunu hiss edir. “Latsio” ilə beşillik müqavilə imzalamaq üzrə olduğum məqamda işlər istədiyim kimi getmədi. Həmin anda “Qalatasaray”dan təklif aldım. İlk növbədə Uruqvay yığmasının o dönəmdəki kapitanı Dieqo Luqanoyla məsləhətləşdim. O, bir neçə il “Fənərbaxça”da çıxış etmişdi və Türkiyəni gözəl tanıyırdı. Mənə “bu məsələ ciddidisə, düşünmədən təklifi qəbul etməlisən” dedi. Mən də belə etdim. İstanbuldakı ilk məşqi dünənki kimi xatırlayıram. Təyyarə gec gəlib çıxdığından məşqə gecikmişdim. Tərcüməçimiz Mərt Çətin məni Fatih Terimin yanına aparmışdı. Sonra digər oyunçularla tanış olmuşdum. Bu 9 ildə unudulmaz anlarım çox olub. Amma 1 oyunu seçməli olsam, 2012-ci ildə “Fənərbaxça”nın meydanında çempion olub kuboku qaldırdığımız oyunu qeyd edərdim. Hələ karyeramı bitirməyi planlaşdırmıram. Özümdə oynamaq üçün enerji görürəm. Karyeramı bitirəndən sonra nə işlə məşğul olacağıma qərar verməmişəm. 5 yaşımdan futbolun içindəyəm. Özümü futbolsuz təsəvvür etmirəm. Terimin köməkçisi olmaq fürsətim yaransa, təbii ki, bundan istifadə edərəm. Amma hələ baş məşqçi, köməkçi məşqçi, yoxsa qapıçılarla işləyən məşqçi olacağıma qərar verməmişəm”.
Muslerayla qısa-qısa
- Ronaldo, yoxsa, Messi?
- Suares (gülür). İkisi də sanki bu dünyadan deyil. Amma mənim üçün ən güclü Suaresdi.
- Penaltini vurmaq daha yaxşıdı, yoxsa qaytarmaq?
- Mənim üçün penalti vurmaq penaltini qaytarmaqdan daha gözəldi. Ona görə də penalti vurmağa üstünlük verirəm.
- Superliqada sənə ən çox problem yaradan hücumçu kim olub?
- Həm komanda yoldaşlarım, həm də qarşılıqlı oynadığım oyunçular arasında mənə ən çox çətinlik yaşadan Burak Yılmaz olub.
- Komandada ən yaxın dostun kimdi?
- Hamıyla münasibətlərim yaxşıdı. Amma Səlcuk İnanın mənim üçün yeri ayrıdı. 2011-dən başlayaraq onunla komanda yoldaşıyam və birlikdə bir çox çətin dönəmlərdən keçib vacib qələbələr qazanmışıq.
- Uşaq vaxtı idealın kim idi?
- Oskar Kordoba.
- Zamanı geri çəkmək imkanın olsaydı, hansı oyunları yenidən oynamaq istərdin?
- Birincisi DÇ-2010-da Hollandiyaya qarşı yarımfinalı, ikincisi də DÇ-2018-də Fransaya qarşı 1/4 finalı.
- Futbolçu olmasaydın, hansı peşəni seçərdin?
- Məktəbdə oxuduğum vaxtlarda böyüyüb həkim olmaq istəyirdim. Amma bəlkə də yaxşı həkim olmayacaqdım. Elə yaxşı ki, futbolu seçdim.
- Bəs qapıçı olmasaydın?
- Hücumçu olardım! Əslində 11 yaşıma qədər hücumçu kimi oynayırdım. Hərçənd hiss edirdim ki, yaxşı hücumçu deyiləm…