
Messi Anrinin gözünün içinə baxa bilmirmiş
“Barselona”nın superulduzu Lionel Messi Fransa mətbuatına açıqlamasında Tyerri Anriylə bağlı maraqlı fikirlər səsləndirib. “Arsenal”ın əfsanəsi sayılan və karyerasını 2014-cü ildə bitirən 42 yaşlı Anri «Barsa»da 2007-10 aralığında çıxış edərək 121 oyuna 49 qol vurub. Messini dinləyək: “Anri ilk dəfə paltardəyişmə otağına daxil olanda onun gözünün içinə baxa bilməmişdim. Onun İngiltərədə hansı zirvələri fəth etdiyini bilirdim. Həmin vaxt o hamının gözündə olduğu kimi, mənim də gözümdə böyük futbolçu idi. Və birdən-birə belə bir futbolçuyla komanda yoldaşı oldum. Ona çox böyük heyranlıq duyurdum. Onun futbolu, sürəti, oyunundakı yüngüllüyü, rəqib qapısı önündəki soyuqqanlılığı və matçda intriqanı öldürmək bacarığı çox xoşuma gəlirdi. Onu izləyən hər kəs Anrinin oyununun təsiri altına düşürdü”.
Bu arada Messi son günlərdə özüylə bağlı yayılan bəzi şayiələri təkzib edib. Məsələn argentinalının bu yay “İnter”ə keçəcəyi, eləcə də neçə müddətdi Paraqvayda həbsxanada olan Ronaldinyonun ev dustağı kimi buraxılması üçün tələb olunan 1,6 milyon dolları ödəməsi barədə söz-söhbət yayılmışdı. Bundan başqa, onun ilk klubu “Nyuelz Old Boys”a qayıdacağı haqda xəbərlər də var idi. 32 yaşlı Messi öz “instaqram” səhifəsinin hekayə bölümündə “bunların hamısı yalandı. Yaxşı ki bunlara heç kim inanmır” sözlərini yazaraq hər şeyi təkzib edib.