Voleybol yığmamızın üzvü Marqarita Əzizova karantindən evə buraxılıb. Polşanın "Radomka" klubunda çıxış edən və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan voleybolçunun analizi təmiz çıxıb. Evinə qayıdan 27 yaşlı hücumçunu dinləyək: “Artıq Bakıda evimdəyəm. Bilirdik ki, Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürəcəklər və hazırkı duruma uyğun olaraq karantinə alınacağıq. Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün vətənimizdə olduğum üçün çox sevinirəm. Uçuşların dayandırıldığı bir ərəfədə Azərbaycana dönməyimə kömək edən Polşadakı səfirliyimizə və Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular. Karantin zamanı bizə qulluq edən həkimlərə və başqa işçilərə minnətdarlığımı çatdırıram. Orda bizim üçün lazımi şərait yaratmışdılar. Bir idmançı kimi otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım. Ölkəmizdə karantin davam edir. Mən də bir vətəndaş kimi bütün qaydalara riayət edirəm və xalqımı evdə qalmağa, lazımi şərtlərə əməl etməyə çağırıram. İnanıram ki, bütün bunlar tezliklə sona çatacaq və biz bu virusa birlikdə qalib gələ biləcəyik”.