Teymur Rəcəbova İddiaçıların turnirinə hazırlaşmaqda kömək edən Sergey Karyakin həmin günləri xatırlayıb. Rusiyalı qrossmeyster məlum səbəbdən yarışdan kənarda qalan həmyerlimizin nə qədər ziyana düşdüyünü də açıqlayıb: “Teymur Rəcəbov İddiaçıların Turnirindən imtina edəndə iştirakçılardan heç birinin onu dəstəkləməməsinə üzüldüm. Həmişə istərdim ki, şahmatçılar bir cəbhədə olsunlar. Daha 2-3 şahmatçı “indi turnir keçirmək olmaz” desəydi, təşkilatçılar onlarla razılaşardı. Təəssüf ki, şahmat fərdi oyundu. Biz komanda və klub yox, özümüz üçün çıxış edirik. Kollektivçilik çatışmır. Aydın məsələdi ki, Rəcəbov çox üzülürdü. Hər halda, xərclənən vəsait və hazırlığa sərf olunan enerji... Teymur bu mövzunu qaldıranda koronavirus bu cür yayılmamışdı və ondan belə çəkinmirdilər. Qrişuk bu haqda söz açanda isə hamı danışmağa başladı. Başa düşdülər ki, turniri başlamaq lazım deyilmiş. Mən hardasa təşkilatçıları da anlayıram. Yarışın təşkili 1,2 milyon dollara başa gəlir və bu üzdən təxirə salmaq istəmirdilər. Rəcəbov da hazırlığa çox vəsait sərf edib. Biz 30 gün Barvixadakı oteldə qaldıq, üstəlik, mənim və daha iki məşqçinin qonorarı, uçuşlar və s. Bu çox böyük məbləğdi. Dəqiq bilmirəm, amma bu rəqəm 100 min dollardan çoxdu. Turnirdə hansı yeri tutmaq lazımdı ki, bunun qarşılığını verəsən? Birinci”.