Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov koronavirus pandemiyasının təsirindən danışıb. Həmyerlimiz rəhbərlik etdiyi qurumun rəsmi saytına açıqlamasında bunları deyib: “Fevralda ümid edirdik ki, bu məsələ növbəti ayda həll olunacaq. Lakin təəssüf ki, koronavirusun yayılması martda Avropanın böyük hissəsinə daha güclü zərbə endirdi. Vəziyyətin pisləşməsi üzündən tədbirlər təxirə salındı. Hətta Bakıda start götürən idman gimnastikası üzrə dünya kuboku təsnifat mərhələsinin iki günündən sonra dayandırıldı. Hökumət bu xəstəliyin yayılmasına qarşı atdığı profilaktik tədbirlərdən biri kimi bütün kütləvi tədbirləri ləğv etməyə qərar verəndən sonra final mərhələsi keçirilmədi. Həmçinin bir çox ölkələr məhdudiyyətlər tətbiq etməyə başladı, aviaşirkətlər reysləri təxirə saldı. Əlbəttə, bütün bunlar bizi idmançıların və turnirlərdə iştirak edən bütün insanların təhlükəsizliyi barədə düşünməyə vadar etdi. Aprel-may aylarına planlaşdırılan bütün qitəmiqyaslı yarışları ləğv etmək barədə razılaşdıq. Aldığımız məktublardan görürük ki, hamı yeni tarixlər üçün narahatdı. Amma qeyri-müəyyənlik olduğundan mövcud durumun nə vaxt normallaşacağını bilmirik. Bu üzdən yarışların yeni tarixini müəyyənləşdirmək çətindi. Daim təşkilatçı ölkələrlə təmasdayıq. İstənilən halda, turnirlər payızdan tez keçirilməyəcək”.