Koronavirusla bağlı xəbərlər gündəmi zəbt etməkdədi. Bu bəlanın son qurbanlarından biri dünyaca ünlü mütəxəssis Xosep Qvardiolanın anası Dolores Sara Karrio olub. Bu xəbəri kataloniyalı çalışdırıcının 2016-cı ildən çalışdırdığı “Mançester Siti”nin rəsmi “tvitter” səhifəsi yayıb: “Klubumuzla bağlı olan hər kəs bu çətin məqamda Pepə, onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verir”. Barselona yaxınlığındakı Manres şəhərində yaşayan Dolores Sara Karrionun 82 yaşı var idi. Maraqlıdı ki, bir müddət öncə, daha dəqiq desək, martın 25-də Qvardiola Kataloniyadakı xəstəxanalardan birinə koronavirusa qarşı mübarizə üçün 1 milyon avro yardım etmişdi! Anasını itirən 49 yaşlı mütəxəssisə əvvəlki klubları “Barselona” ilə “Bavariya”, eləcə də “Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted” də başsağlığı verib.