Məlum epidemiyanın hamını evdə qalmağa məcbur etdiyi vaxtda köməyimizə sosial şəbəkələr və televiziya kanalları çatır. Tək futbol və idman yox, həyat dayanıb. Odu ki, başımızı “feysbuk”la, “instaqram”la, “yutub”la qatırıq.
Belə vəziyyətdə premyer-liqa təmsilçilərinin “feysbuk” səhifələri də aktivlik nümayiş etdirməlidi ki, futbolsevərlər nisbi təsəlli tapsın. Necə ki, “Qarabağ” bunu edir. Çempionun “feysbuk” səhifəsini işlədən admin(lər)ə əhsən düşür. Tarixi qələbələrin videoları, futbolçuların bir-biri ilə zarafatlaşdığını əks etdirən görüntülər, ad günü təbrikləri və təbii ki, azarkeşlər arasında sorğu...
Deməli, səhifənin admini indiyə qədər “Qarabağ”ın şərəfini qorumuş futbolçuların uşaqlıq illərindəki şəkillərini paylaşır və həmin fotoların kimlərə aid olduğuna dair sorğu keçirir. Kifayət qədər maraqlı görünən müsabiqədə xeyli sayda fanat iştirak etsə də, qalib adını qazanmaq olduqca çətindi. Azərbaycanlı futbolçulara məxsus uşaqlıq şəkillərini müəyyənləşdirmək nisbətən asan olsa da, legionerin kimliyini tapmaq heç də asan deyil. Öz aramızdı, Viktor İbokoyi, Nidal Ferhadoviç, Tarik Əl-Yunussi kimilər “Qarabağ”da nə yatdılar ki, nə də yuxu görsünlər?! İstənilən halda buna görə Ağdam təmsilçisinin bu işlə məşğul olan rəsmilərini alqışlamağa dəyər.
HƏBİB