“Beşiktaş” rəhbərliyi maraqlı qərar qəbul edib. Rəhbərlik oyunçuların 2-3 nəfərdən ibarət qruplara bölünərək bazada məşq etməsini istəyir. Oyunçular bir-birinə toxunmadan topla və topsuz çalışmalar edəcək. Bu planın gələn həftədən etibarən həyata keçirilməsi gözlənilir. 20 yaşdan aşağı oyunçular bu plana daxil edilməyəcək. Bununla bağlı qərar bütün oyunçulara göndərilib. Almaniyada da artıq bəzi klublar belə üsuldan istifadə etməklə məşqlərə başlayıblar. İstanbul nəhəngində oyunçuların böyük əksəriyyəti rəhbərliyin təklifini qəbul etsə də, razılaşmayanlar da var. Maraqlıdı ki, razılaşmayanlar əsasən əcnəbilərdi!
“Qartal”la bağlı başqa xəbərləri də nəzərinizə çatdıraq. Türkiyə mətbuatının yazdığına inansaq, Dorukhan Toközlə rəhbərlik arasında ciddi fikir ayrılığı yaşanır. Müqavilə müddəti 2021-ci ildə bitəcək istedadlı yarımmüdafiəçi rəhbərlikdən məvacibinin artırılması şərtiylə yeni müqavilə tələb edib. Amma rəhbərlikdən rədd cavabı alan Dorukhan sosial şəbəkələrdəki səhifələrindən klubun formasında olduğu şəkilləri silib! 23 yaşlı futbolçunu anlamaq olar. Axı onun mövqeyində oynayan başqa futbolçular illik 2 milyon avro qazandığı halda, Dorukhanın qazancı 350 min avrodu. İndiki çətin dönəmdə maliyyə cəhətdən onsuz da yaxşı durumda olmayan “Besiktas” oyunçulardan məvaciblərinin azaldılmasını tələb etməyə hazırlaşdığı bir vaxtda Dorukhanın şərtlərini irəli sürməsi rəhbərliyin xoşuna gəlməyib. Qeyd edək ki, zədə üzündən oktyabrdan bəri oynamayan Toköz bu mövsüm superliqada cəmi 6 oyuna çıxıb.
“Beşiktaş” rəhbərliyini şoka salan daha bir addımı isə Loris Karius atıb. Həm Türkiyə, həm də Almaniya mətbuatının yazdığına inansaq, 26 yaşlı qapıçı son aylarda pulunu ala bilmədiyinə görə istanbullulardan FIFA-ya şikayət edib. Bunun ardından FIFA kluba xəbərdarlıq məktubu göndərərək Kariusun məvacibinin ödənilməsini tələb edib. Kariusun bu addımından sonra artıq əminliklə onun klubda qalmayacağını söyləmək olar. Zatən baş məşqçi Sərgən Yalçın da 23-cü turda “Trabzonspor”la matçın ardından “Kariusla yola davam etməyəcəyimizi söyləyə bilərəm” açıqlamasını vermişdi. Qeyd edək ki, almaniyalı qapıçı müqaviləylə “Liverpul”a məxsusdu. “Beşiktaş” 2018-ci ildə onu ikiilliyə icarəyə götürmüşdü.